MSK: “Çiçəklənən Ermənistan” Partiyası parlamentə keçə bilməyib

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 7-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Sherg.az xəbər verir ki, MSK sədri Vahagn Hovakimyan bildirib ki, "Çiçəklənən Ermənistan" seçkilərdə 58 min 287 səs və ya 3,98 faiz səs toplayıb.

Bununla da partiya parlamentdə təmsil olunmaq üçün tələb olunan 4 faizlik seçki baryerini cüzi fərqlə keçə bilməyib və yeni çağırış parlamentə düşmək hüququ qazanmayıb.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ətrafında müzakirələr davam edir. Müxalif qüvvələr səsvermə prosesində pozuntuların baş verdiyini iddia edir və nəticələrin məhkəmə qaydasında mübahisələndiriləcəyini açıqlayıblar. Bundan əlavə, MSK bəzi seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edib.