Özgür Özəlin yerinə keçəcək ad: Kılıçdaroğlunun son həmləsi CHP-ni qarışdıracaq

Türkiyənin ana müxalifət partiyası olan CHP-də rəhbərlik və qrup idarəçiliyi ətrafında gərginlik davam edir.

Sherg.az xəbər verir ki, məlumata görə, partiyadan xaric edilməsi tələbi ilə intizam prosesinə cəlb olunan CHP qrup sədr müavinləri Ali Mahir Başarır və Gökhan Günaydının vəzifə adları Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi saytından çıxarılıb.

Bu addımdan sonra boşalan qrup sədr müavini postlarına kimin gətiriləcəyi siyasi kulislərdə əsas müzakirə mövzusuna çevrilib. Məlumatlara görə, CHP rəhbəri Kamal Kılıçdaroğlu yaxın günlərdə yeni təyinatlar həyata keçirə bilər. Namizədlər sırasında Sevda Erden Kılıç, İnan Akgün Alp, Barış Bektaş və Mustafa Adıgüzelın adları hallanır.

Bundan başqa, CHP-nin keçmiş sözçüsü Faik Öztrakın qrup sədri vəzifəsinə gətirilə biləcəyi də iddia olunur.

Partiya daxilində mübahisələrin əsas səbəbi CHP-nin qrup daxili nizamnaməsidir. Sənədə əsasən, qrup sədr müavini vəzifəsi boşaldıqda həmin postlara ilk qapalı qrup iclasında seçki yolu ilə yeni şəxslər müəyyən edilməlidir. Nizamnamədə partiya sədrinin bu vəzifələrə birbaşa təyinat verməsi ilə bağlı müddəa nəzərdə tutulmur.

Eyni zamanda, CHP-nin əvvəlki sədri Özgür Özəlin də prosesə müdaxilə edərək millət vəkillərinin iştirakı ilə qrup toplantısı keçirməsi və boş qalan vəzifələr üçün seçki təşkil etməsi ehtimalı müzakirə olunur.

Beləliklə, CHP-də qrup rəhbərliyinin formalaşdırılması məsələsi ətrafında siyasi qarşıdurma davam edir və diqqətlər qarşıdakı günlərdə veriləcək qərarlara yönəlib.