Müxalifət Paşinyanı istefaya göndərə bilməyəcək
Baş naziri devirmək üçün parlamentdə 50 faizdən çox səs lazımdır
İrəvanda erməni müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirib. Mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan parlament vasitəsilə Paşinyanın istefasına nail olmaq istədiklərini, lakin bunun üçün geniş ictimai təzyiqə ehtiyac olduğunu bildirib. Etirazçılar parlamentin üçdə bir hissəsinin, yəni 107 deputatdan 36-sının köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Paşinyanın getməsinə nail olmaq üçün 50 faizdən yuxarı səs lazımdır.
Vurğulanıb ki, müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Müxalifət rəhbərləri onminlərlə etirazıçını parlamentin önünə mitinqə səsləyiblər. Mitinqin təşkilatçıları hesab edirlər ki, hakimiyyət ordunun gücünü qəsdən zəiflətməyə çalışır ki, bu da dövlət təhlükəsizliyinə ziddir. Məlumat üçün bildirək ki, Xankəndidə yaşayan ermənilər də etiraz aksiyaları təşkil ediblər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, etiraz mitinqlərinin iki hədəfi var idi - erməni müxalifəti və Azərbaycan.
Analitik bildirib ki, Ermənistan müxalifəti Paşinyanı parlamentdə istefaya göndərmək üçün lazım olan səs sayına malik deyil. Buna baxmayaraq, davamlı mitinqlərlə parlamentdə baş naziri istefaya məcbur etmək və aksiyalar vasitəsi ilə tərəfdarlarının sayını artırmaq istəyirlər.
Paşinyanın istefası üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna hansı formada nail olacağı bəlli deyil. Radikallar mitinqlərində Azərbaycanı da “unutmayıblar” və Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Ermənilərə görə, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, digər yandan “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”. Həmçinin, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”. Bunlar göstərir ki, erməni tərəfi məğlubiyyəti həzm etmək istəmir. Ermənistanda və Xankəndidəki mitinqləri 1980-ci illərin sonunda da yaşamışıq.
O zaman ermənilər torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. 90-cı illərdə bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə ermənilərə toparlanmağa imkan vermək olmaz".