“Uşağı qorxu ilə deyil, sevgi ilə yetişdirmək lazımdır”
“Problemlərin əsasında düzgün verilməyən tərbiyə, sevgisizlik, ailə fərdlərinin bir-biri ilə ünsiyyət qura bilməməsi dayanır"
"13 yaşda uşaq doğan uşağın anası ona dayaq durmalıykən, arxasıyca düşüb, cinayətkarın cəzasını tələb etməliykən qızına bir zərbə də o vurur".
Bu sözləri “Sherg.az”a 13 yaşlı qızın uşaq dünyaya gətirməsinə münasibət bildirərkən jurnalist İlhamə Həkimoğlu deyib. Qələmdaşımız qeyd edib ki, hadisənin ən ağrılı tərəfi ananın uşaq doğan qızından imtina etməsidir:
"Konkret bu baş verən hala gəlincə isə ana bütün günü küçələrdə dolanıb ailəni saxlamağa çalışan bir qadındır. Oğlanla qızın münasibətləri, bəlkə də, sevgi üzərində qurulub.
Dəqiq deyə bilmirik, çünki hadisə gizlədilir. Sadəcə gənclərə cinsi tərbiyə verilmədiyinə görə də bu situasiya yaranır. Ailə uşağa sərbəstlik verməli, amma kənardan nəzarəti də əsirgəməməlidir. Övlad yanlışa yol verə bilər.
İnsan səhvləri ilə öyrənir. Amma hər xətasının arxasında ailənin ona dəstəyini görməlidir. Əks təqdirdə bir cinayətkarın da yetişməsi, kiçik xətaya görə ömürlük bədəlin də ödənilməsi ehtimalı yüksəkdir. Dərdimizin kökü cahil anaların nadan övladlar böyütməsindədir.
Uşaq cəmiyyətdən müəyyən mənada qorunmalıdır. Hər nə qədər yeniyetmələr bunu ailədə məhdudiyyətin tətbiqi kimi qiymətləndirsə də, doğru olan övladların mühafizəsidir.
Valideyn uşağı ilə dostluq etməyi bacarmalıdır. İnam yaratmalıdır ki, övlad dərdini, qayğısını ana-atası ilə bölüşə bilsin.
Uşağı qorxu ilə deyil, sevgi ilə yetişdirmək lazımdır. Problemlərin əsasında düzgün verilməyən tərbiyə, sevgisizlik, ailə fərdlərinin bir-biri ilə ünsiyyət qura bilməməsi dayanır".