Ermənistanın uzun müddətdir qurduğu planlar alt-üst oldu
"Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır"
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparırdı. İrəvan hökuməti Azərbaycanla aparılan sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edirdi.
Son günlərdə də Ermənistan hakimiyyətinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırdığı müşahidə olunmaqdadır. Həm Rusiya, həm də Qərb ölkələrindəki müəyyən dairələrin təhriki, o cümlədən erməni lobbisinin dəstəyi ilə Ermənistanda revanşist ab-hava qızışdırılır. "Torpaqların qaytarılması", “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılır.
Ermənistan hakimiyyəti bir müddətdir ordunu bərpa etmək istiqamətində iş aparırdı. Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş gedirdi. Paralel olaraq Qarabağa hərbçilər və silah göndərilirdi. Orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır. Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Rusiyanın Vladivostok şəhərində keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası ilə çıxış etmişdi. Məhz bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.
Bütün bunlar onu göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Xüsusən, Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu. İrəvan hökuməti daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başladı. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib. Həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib. Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Lakin Ermənistan xəbərdarlıqlardan dərs çıxarmayıb.
Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Tovuz döyüşləri zamanı olduğu kimi Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə ölü və yaralı var. Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.
Hazırkı hadisələri 2020-ci il Tovuz hadisələrindən fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altındaydı. Bu gün isə Azərbaycan Ordusu Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənsitanın təxribatlarına layiqli cavab verir. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar 2020-ci ilin iyulunda general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığını, igidliyini, şücaətini bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan Ordusu bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir. Heç kimin zərrə qədər şübhəsi olmasın ki, Ermənistanın istənilən təxribat cəhdlərinə ən ağır formada, artıqlaması ilə adekvat cavab veriləcək.
Politoloq Sədrəddin Soltan deyib ki, Ermənistan ötən illər ərzində Azərbaycanla sərhədə daha çox hərbi qüvvə və texnika toplamaqla vəziyyəti gərginləşdirməkdə davam edib. Hətta iş o yerə çatıb ki, Ermənistan Azərbaycanla sərhədi Rusiya hərbçilərinin qoruması təklifi ilə çıxış edib:
"Bu, rəsmi İrəvanın regionda gərginliyi artırmaq üçün sərhəd bölgəsində təxribatlara hazırlıq üçün cədhlərindən sayıla bilər. Tovuz döyüşlərindən sonra Ermənistanın siyasi-hərbi rəsmiləri törətdiyi təxribatdan qürurla danışmağa başladı. Bundan bir müddət əvvəl Ermənistanın ovaxtkı müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Baş nazir Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışsa da, səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Ermənistanın hərbi-siyasi hakimiyyətinin bu kimi çoxsaylı müharibəyə çağırış və işğalçı çıxışlarından sonra Tovuz döyüşləri baş vermişdi. Həmin dövrdə də Azərbaycan sülh çağırışları və ərazi bütövlüyünün dinc yolla təmin olunmasına dair çıxşlar edir, təkliflər irəli sürürdü. Həmin hadisələr sentyabrın 27-də Azərbaycanın əks-həmlə əməliyyatı ilə 44 gün davam etdi. Azərbaycan torpaqlarının böyük bir hissəsini Ermənistanın işğalından qurtardı. Paşinyan kapitulyasiya aktına imza atdı. İndi Ermənistan məğlub tərəf olaraq üzərinə düşən öhdəliklərə əməl edib, sülh müqaviləsinin imzalanması üçün hazırlıq işlərinə diqqət ayırmaqdansa, yenə təcavüzkar, təxribat əməllərinə əl atır. Nikol Paşinyan Brüssel və Moskvada keçirilən görüşlərdə ölkələr arasında sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanmasına hazırlıqla bağlı işçi qrupların yaradılmasına razılıq versə də, sonradan sözünə əməl etmir. Rəsmi İrəvan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasında, əməkdaşlıqda, regionun sabitliyi və təhlükəsizliyinin təmin olunmasında iştirakdan qaçır. Belə çıxır ki, Tovuz döyüşlərindən sonra Ermənistan Azərbaycan əsgərindən aldığı dərsləri unudub. Hadisələr, İrəvan rəsmilərinin çıxışı, bəyanatı və bəhanələri Ermənistanın regionda və dünyada təhlükəsizliyə, sabitliyə və əməkdaşlığa qarşı olduğunu təsdiqləyir. Belə qənaətə gəlmək olar ki, onları buna sanksiyalarla vadar etmək mümkündür. Ona görə də beynəlxalq ictimaiyyətin Ermənistanın başını sığallaması müddətinin başa çatdığını da düşünmək olar. Sığalın sanksiya ilə əvəzlənməsi üçün Ermənistan bütün qaydaları çoxdan pozub".