İdeoloji boşluqlar var!

"Azərbaycan 71 şəhid verib. Belə bir dönəmdə övladımız 1-ci sinfə qədəm qoysa da, bizim üçün əlamətdar hadisə olsa da, bunu böyük şadyanalıqla qeyd etmək şəhidlərimizin ruhuna, dəyərlərimizə sayğısızlıqdır".
Bu sözləri “Sherg.az” QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai deyib. Onun sözlərinə görə, rəsmi şəkildə matəm elan edilməsə də, mənəvi olaraq kədər içindəyik:

"Hörmət etmək vətəndaşlıq borcumuzdur. Şəhid vermişiksə, oğullarımız əllərində silah ön cəbhədə döyüşürlərsə, biz normal həyatımıza davam edə bilmərik. Daha əvvəl də, 44 günlük Vətən müharibəsində də tarixi hadisələrə şahidi olduq, şəhidlik zirvəsinə ucalan igidlərimizin acısını yaşadıq. Ona görə də hər birimizin üzərinə öhdəliklər düşür. Vəzifəmizi layiqincə icra etməliyik. Məsələn, rüşvət almamalı, korrupsiyaya yol verməməliyik. Şəhidlərimizin, öz canından, sağlamlığından keçən qəhrəmanlarımızın haqqını verməliyik. Hazırda bu torpağın üzərində əmin-amanlıq içərisində gəziriksə, övladımızı rahat şəkildə məktəbə yola sala biliriksə, qorxmaz vətən oğullarının sayəsindədir. 

Övladlarımıza da nə üçün şənlik etmədiyimizi izah etməliyik. Onların körpə beyinlərinə bu toxumu səpməliyik. Gələcəkdə müəyyən məsələlərdə uduzmayaq deyə zamanında uşaqları başa salmaq lazımdır. İndiki həssas məqamı diqqətdə saxlamayan insanların sərgilədiyi bu kimi davranışlar ideoloji boşluqlardan xəbər verir. 

Bunun üzərində ciddi və sistemli şəkildə işləmək lazımdır. Tərbiyə etmək, dəyərlərin aşılanması evdən başlayıb, bağçada, məktəbdə davam edir. Təbliğatlar, maarifləndirmələr aparmalıyıq. Deməli, kövrək zamanımızda şadlıq arxasıyca gedən insanlar tariximizi, hazırda hansı situasiyanın içində olduğumuzu bilmirlər, kimləri itirdiyimizin fərqində deyillər. Bu mənada ideoloqlar, alimlər və ziyalıların üzərinə böyük bir iş düşür".

 S.Fədainin qənaətincə, imkansız ailələrin belə aksiyalara, şənliklərə meyilli olması natamamlıq kompleksindən irəli gələn bir situasiyadır:

"Valideynlər övladlarına adətən öz arzularının davamçısı kimi baxırlar. Uşaqları sevindirməklə yanaşı, öz xəyallarını həyata keçirmək niyyətindədirlər. Eyni zamanda insan başqa mənalarda özünü təsdiq edə bilməyəndə artıq sırf valideyn kimi nəyəsə nail olmaq, nəyisə reallaşdırmaq istəyir. Həmçinin sosial şəbəkələrdə dəbdəbə ilə məktəbə uşaq yola saldıqlarını göstərirlər. Sanki adamlar bir yarış içərisindədir. 

Əslində bunun hansı boşluqlardan irəli gəldiyini anlamadan, vaxtlarını, pullarını çox yanlış yerlərə sərf edirlər. Nəticədə bu mövzularla kişilərin, ataların üzərinə gedirlər. Onların çiyninə öhtəsindən gələ bilməyəcəkləri yükləri qoyurlar. Bu da münaqişələrə gətirib, çıxarır. Məqsəd sırf uşağı sevindirmək, xatirəsində xoş izlər buraxmaqdırsa, bunu kiçik büdcə ilə və təmtaraqlı olmadan da etmək mümkündür. Önəmli olan övladların məktəbə hansı məqsədlə getdiyini öyrətmək, təhsil yolunda uğurlar qazanmaqdır".

Qeyd edək ki, bəzi valideynlər "WhatsApp" qruplarında dekor şirkətlərinin təşkilatçılığı ilə sinif bəzəmək haqqında söhbətlər edirlər. Bu da indiki həssas məqamda cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.