Ermənilərin törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Xəlilov Qədim İlqar oğlu İsmayıllıda dəfn edilib.
Oxu.Az-ın məlumatına görə, şəhid bu gün rayonun Hacıhətəməli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində qəhrəmanımızın döyüş yoldaşları, qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.