"Qəddar qadın cəzalandırılmalıdır".
Bu sözləri "Sherg.az"a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu "Mehnur" loqopedik reabilitasiya mərkəzində istintaqa cəlb olunan direktor, direktor köməkçisi və psixoloqun həbs edilməməsinə münasibət bildirərkən deyib. O, bu məsələnin araşdırılmasında iştirak etdiyini deyib:
"Cinsindən asılı olmayaraq, hər kəs qanun qarşısında cavab verməlidir. Aldığımız məlumata əsasən, təqsirkarlar qadın cinsinin nümayəndələri olduğu üçün həbs edilməyib. Lakin hər birimiz uşaqla necə rəftar etdiklərinə şahid olduq. Millətin gözü qarşısında azyaşlıları vəhşicəsinə döyürlər.
Bəzən ərinin arvadına bıçaq qaldırması, boğmağa çalışması kimi xəbərlər eşidirik. Özünü müdafiə etmək üçün həmin qadınlar həyat yoldaşlarına xəsarət yetirir və onlara 10-15 il həbs cəzası verilir.
Amma sözügedən mərkəzin günahkarları tutulmur?! Başa düşürəm, qadındırlar, ürəyim ağrıyır. Lakin zərərçəkmiş şəxsin şikayəti təmin olunmalıdır ki, başqaları da bu durumdan güc almasın".
Qeyd edək ki, "Mehnur" loqopedik reabilitasiya mərkəzində istintaqa cəlb olunan direktor, direktor köməkçisi və psixoloq həbs edilməyiblər.