Beynəlxalq birlik erməni yalanlarını və vandalizmini görməli və öz etirazını bildirməlidir
44 günlük Vətən müharibəsində Ermənistan yenə də Azərbaycanda mülki şəxsləri, uşaqları qətlə yetirməkdə davam etdi. Ermənistan təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu.
Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini intensiv atəşə tuturdu. Bütün bunlar dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə baş vermişdi. 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixlərinədək Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərimizə 30 minə yaxın mərmi və 227 raket atıldı. 44 gün ərzində düşmən tərəfinin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirildi. 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə "Şərq"ə deyib ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə qətliamlar törədilib. Xüsusən 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları silahsız insanlara divan tutublar:
"Erməni silahlı dəstələri köməksiz, silahsız azərbaycanlıları qadın-uşaq demədən qəddarcasına doğrayıb, tonqallarda yandırıb, gözlərini çıxarıb, başlarının dərsini soyub, kürəklərinə qaynar samovar bağlayıblar, hamilə qadınların qarnını yarıblar. Rəsmi mənbələrə əsasən, ötən əsrin əvvəllərində minlərlə azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüblər. Qondarma "Qarabağ problemi"ni ortaya atmaqla azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törədiblər. Şəhər və kəndlərimizi, maddi-mədəniyyət abidələrimizi dağıdıblar.
Başlıbel, Ağdaban və Bağanıs-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı, amansızlığı ilə seçilir. İşğal olunmuş ərazilərdəki qondarma rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən artıq vətəndaşımız yaralanıb, minlərlə yaşayış məntəqəsi dağıdılıb. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər və 30 il torpaq həsrəti çəkiblər. Atəşkəs dövründə belə ermənilərin Azərbaycanda mülki əhalini, o cümlədən uşaqları qətlə yetirməsi faktları dəfələrlə qeydə alınıb".
F.Hüseynzadə bildirib ki, ermənilər özlərini dünyaya "məzlum millət" kimi sırımağa çalışıblar:
"Ermənistanın Azərbaycanla sərhəddə 13 sentyabr təxribatından sonra erməni lobbisi anti-Azərbaycan fəaliyyətini daha da fəallaşdırıb. Azərbaycan haqqında dezinformasiyalar yayan erməni lobbisi hər zamankı kimi Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyi ilə beynəlxalq aləmdə ölkəmizi "təcavüzkar dövlət" kimi qələmə verməyə çalışırlar. Erməni lobbisi çevik şəkildə öncə dünyanın tanınmış media orqanlarına dezinformasiyalar sızdırırlar.
Eyni zamanda qarayaxma kampaniyalarını sosial şəbəkə üzərindən aktiv şəkildə aparırlar. Xüsusən, son günlər Azərbaycan hərbiçilərinin döyüş səhnələrindən ibarət "fake" videolar hazırlayıb ölkəmizə qarşı anti-təbliğat həyata keçirirlər. Halbuki, erməni vəhşiliklərini nümayiş etdirən, elə özləri tərəfindən yüzlərlə videolar çəkilib.
Erməni silahlıları o dərəcədə vəhşiləşiblər ki, cansız bədənləri, meyitləri belə təhqir etməkdən çəkinmirlər və videoçəkiliş edərək paylaşırlar. Şübhəsiz, ermənilərin əsgərlərimizin nəşləri üzərində tətbiq etdikləri vəhşiliklər bütün beynəlxalq konvensiyalara və müharibə qaydalarına ziddir. Ən əsası isə insanlıq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Nə qədər çalışsalar da ermənilər özlərinin vandal hərəkətlərini ört-basdır edə bilməzlər. Beynəlxalq birlik erməni yalanlarını və vandalizmini görməli və öz etirazını bildirməlidir".