Qiyməti qaldırmaq dönərxanalara sərf etməz - ...Toyuq əti bahalaşdı!


Toyuq əti bahalaşıbsa, istehsalçı başqa varianta əl atacaq
"İstehsalçı ziyana düşməmək üçün ətin çəkisini azaldacaq, əti müxtəlif qatqılarla, ədviyyatlarla əvəzləyəcək"
  Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb. Bu barədə Trend-ə bazardakı mənbələr məlumat verib. Əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 manat, 5 manat 50 qəpik aralığında dəyişirdi. Hazırda isə 10 gündür ki, toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır. Qiymət artımı ilə əlaqədar paytaxtda müxtəlif yerlərdə satılan toyuq dönərinin də qiymətində artımlar baş verib. Qiymət artımı etməyən dönərxanalar isə dönərin porsiyasına dəyişiklik etməli olublar. Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən qeyd etdiyiniz toyuq ətinin qiyməti dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif və istehsal xərclərinin dinamikası əsasında, eyni zamanda dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) müvafiq məhsulun və onun əsas xammallarının qiymətlərinə uyğun olaraq formalaşır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkədə ərzaq məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və qanun pozuntuları aşkar olunan zaman qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə qeyd olunub.
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, toyuq ətinin qiymətindəki artım, ilk növbədə istehlakçıya ziyan vurur:
"Toyuq ətinin qiyməti artıbsa, bu özünü toyuq dönərinin xalis çəkisində göstərəcək. İstehsalçı ziyana düşməmək üçün ətin çəkisini azaldacaq, əti müxtəlif qatqılarla, ədviyyatlarla əvəzləyəcək. Dönərin qiymətini qaldırmaq dönərxanalara sərf etməz, çünki alıcı itkisiylə üzləşərlər. Ona görə də ətin dönərdəki payını azaldıb, onu başqa əlavə vasitələrlə əvəz edəcəklər. Bu da istehlakçıya ikiqat zərbədir. Həm qiymətdə itirirlər, həm də keyfiyyətdə. Dünənədək dönəri 1.50-2 manata alan alıcı, indi həmin qiymətə, lakin daha az çəkiyə malik toyuq dönəri alacaq. Qiyməti dəyişməmək qiymətin dəyişmədiyinə dəlalət etmir. Ətin xalis çəkisi azalıbsa, demək ki, əvvəlki qiymətə indi daha az çəkiyə malik dönər hazırlanır. Bütün hallarda istehlakçı zərərə uğrayır".
  F.İbrahimov qeyd etdi ki, toyuq və toyuq ətinin satışına hökumətin dəstəyi var. Toyuq və toyuq məhsulları ƏDV-dən azaddır. Hökumət bunu ona görə edir ki, əhalinin digər ərzaq məhsullarına nisbətdə daha çox istifadə etdiyi, daha çox tələbat olan toyuq və toyuq məhsullarının qiyməti əlçatan olsun:
" Amma qiymət artımı yenə baş verir, bunu da yem məhsulları, peyvəndlər, digər müxtəlif istehsal xərcləri ilə əlaqələndirməyə çalışırlar. Əsas səbəb isə inhisarçılıqdır. Araşdırma apardıqda görürük ki, toyuq və toyuq məhsullarının qiymətində 40-50 faiz bilinməyən bir artım var. Bu, süni bahalaşmadır. Quşçuluq məhsullarının təbii qiyməti əslində belə olmamalıdır. Baxırsan ki, sistemdə naməlum bir şəkildə qiymətin üzərinə 40 faiz artım əlavə olunub. Bu, ortada itən puldur. O, hara gedir, bilinmir. Əslində, bilinir, inhisarçılara gedir. Lakin qiymət artımını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Hesab edirəm ki, quşçuluq məhsullarında idxal amilinə dəstək verilsə, qiymətlərdə bu şəkildə artımın qarşısı alınar. Yerli istehsalçılar deyə bilər ki, o zaman yerli istehsal zəifləyə bilər. Lakin hökumət ilk növbədə əhalinin xərclərinin azalmasına çalışmalıdır. Və inhisarçılığın qarşısını almalıdır".