Alınan silahların yeni yaradılan mövqelərdə yerləşdirilməsi Ermənistanın təxribatçı planından xəbər verir
Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Teleqram kanallarında bunu əks etdirən görüntülər yayılıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da Azərbaycanı hədələyən bəyanatla çıxış edib. Ohanyan erməni ordusunu tərifləyib, hətta məğlubedilməz adlandırıb:
“Əminəm ki, siz xalqla birlikdə ayaq üstə dayanıb, döyüş tapşırığını yerinə yetirməyə hazır olacaqsınız. Şübhə etməsinlər ki, düşmən bizim zərbəmizin gücünü yenə görəcək”. Ermənilərin katolikosu II Qaregin də Ermənistan ordusuna müraciət edib. Qaregin yaydığı bəyanatında “Ermənistanın üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları şəraitində” ordunu daha da gücləndirmək lazım olduğunu deyib: “Yeni müstəqil dövlətçiliyimizin və xalqımızın hüquqlarının müdafiəsi kimi müqəddəs işdə Ermənistan ordusunun rolu və xidmətləri əvəzsizdir. Bu gün ölkəmizin üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları qarşısında ordumuzu daha da gücləndirmək lazımdır ki, əsgərlərimiz müqəddəs milli müdafiə missiyasını yüksək döyüş qabiliyyəti və sarsılmaz ruhla davam etdirə bilsinlər. Vətənə məhəbbət və qısqanclıq, milli dəyərlərə sədaqət hər zaman əsgərlərin rəşadətli xidmət və şücaətlərinin möhkəm bünövrəsi olub və olacaq”. Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Edvard Asryan deyib ki, Azərbaycanın müdafiə nazirinin "militarist bəyanatları" həmişə onları narahat edir: "Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik. Qarşımıza qoyulan vəzifələri yerinə yetiririk, silahlı qüvvələr təkmilləşdirməyə davam edir”. Qeyd edək ki, son zamanlar Ermənistan tərəfi Naxçıvanla üzbəüz ərazilərdə də özünün hərbi istehkamlarının sayını artırır, yeni səngərlər, daimi dislokasiya üçün yerlər yaradır. Görünür, erməni tərəfi nədənsə narahatdır.
Hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a bildirib ki, Azərbaycan tərəfinin Ermənistandan gözləntiləri sülh müqaviləsinin imzalanması yönündədir. Ancaq ekspertin sözlərinə görə, Ermənistan müharibədən sonrakı dönəmdə ön xəttə mühəndis istehkam qurğuları yaradıb və sürətli silahlanma həyata keçirib:
"Ermənistan bizim bölmələrin qarşısındakı ərazilərdə, xüsusən Kəlbəcər istiqamətində səngər sistemlərinin, dərinləşdirilmiş komanda məntəqələrinin, betonlaşdırılmış bunkerlərin gücləndirilməsini təşkil edir. Bu da Ermənistan tərəfindən alınan silahların yeni yaradılan mövqelərdə yerləşdirilməsi planıdır. Ermənistan ordusu hücum silahları da əldə edib. İrəvan iddia edir ki, bunlar yalnız özünümüdafiə xarakteri daşıyır. Lakin bilirik ki, Azərbaycana qarşı istifadə oluna biləcək hücum silahları da var. Onların arasında artilleriya və reaktiv yaylım atəş sistemləri də üstünlük təşkil edir. Sülh sazişi imzalanmayıbsa, bu o deməkdir ki, Ermənistanla atəşkəs vəziyyətindəyik. Atəşkəs vəziyyəti adətən ya sülhə, ya da yeni münaqişəyə çevrilməlidir. Görünən odur ki, Ermənistanı silahlandıran, cəsarətləndirən ölkələr İrəvanı yeni münaqişəyə cəlb etməkdə meyilli görünürlər. 2023-cü ilin 5 aprelində imzalanan plana əsasən. Avropa İttifaqına inteqrasiya planına, ABŞ ilə imzalanan strateji müttəfiqlik xartiyasına əsaslanaraq Ermənistanı özlərinə məkan seçiblər. Nikol Paşinyanın Davosda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü də bundan xəbər verir".
E.Şıxaliyev vurğulayıb ki, Ermənistanın üzərindən region dövlətlərin, Azərbaycanın, Türkiyənin, İranın, Rusiyanın yanaşmalarını nəzərə almadan plan qurulur:
"Ermənistanı Rusiyanın təhlükəsizlik çətiri altından çıxarıb NATO-nun təhlükəsizlik çətiri altına keçirmək istəyirlər. Belə planlar adətən müharibəyə səbəb olur. Vaxtilə Gürcüstanda, Moldovada, Ukraynada baş verdiyi kimi münaqişəyə səbəb olur. Dördüncü cəbhə, yaxud coğrafiya olaraq Ermənistan seçilib. İrəvan da bunda maraqlı görünür. Ermənistanı Azərbaycanla yeni münaqişəyə təhrik edirlər. Avropa İttifaqının “mülki missiyası”nın tərkibinin və müddətinin artırılması da buna xidmət edir. Aİ missiyası Azərbaycanın mövqeləri, bölmələrin dislokasiya rayonları haqqında kəşfiyyat məlumatları toplayır, ardınca bu məlumatları Ermənistanın baş qərargahına ötürürlər. Baş verənləri analiz etsək, belə qənaətə gəlmək olar ki, Ermənistanın şərti sərhəddə istehkam qurğularını sürətli hazırlaması, səngər sistemlərinin, bunkerlərin, yeni dislokasiya rayonlarının, müdafiə rayonlarının, atəş mövqelərinin hazırlanması heç də İrəvanın sülh sazişi imzalamaq niyyətindən qaynaqlanmır”.