Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başlayıb

Bu gün bələdiyyə seçkilərində səsvermə başlayıb.

APA-nın məlumatına görə, saat 08.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri 118 dairəni, 5846 seçki məntəqəsini (5734-ü daimi, 112-si müvəqqəti seçki məntəqəsi) əhatə edir, 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 1000 məntəqədə veb-kamerala quraşdırılıb.

Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfərdir. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 16092 namizədin təqribən 31%-i qadınlardır. Namizədlərin 82%-i ali təhsillidir. Bələdiyyə seçkilərində mübarizə aparan namizədlərin 41%-i 21-35 yaş arasında olanlardır.


Bələdiyyə seçkilərində 5 961 987 seçici səsvermə hüququndan istifadə edə bilər.

Bələdiyyə seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında ümumilikdə 70 625 müşahidəçi akkreditasiyadan keçib.

Dövlət Himninin səsləndirilməsi ilə səsverməyə start verilib, seçki məntəqələri səsvermə üçün açıq elan edilib.

Səsvermə saat 19:00-da bitəcək.

Qeyd edək ki, MSK Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.