Təqaüd yaşı yaxınlaşanların iş tapması lap çətindir
Qadınların işə qəbulunda ortalama 30 yaş həddi tələbi əlbəttə ki, onlara qarşı diskriminasiyadır
“Azərbaycanda əmək bazarının şərtlərinin dəyişdirilməsi, insanların iş yeri tapmasına kömək məqsədilə Milli Məclisə təkliflər verilməlidir”
“20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”. APA xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib. O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır: “Qonşularımızla müqayisə aparsaq görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir. Kişilərin ortalama əməkhaqqı daha çoxdur. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”. Sədr müavini qeyd edib ki, iş elanlarının 20 faizində yaş kateqoriyası göstərilməyib: “Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6 faizdir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər”.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə “Şərq”ə açıqlamasında hazırda ən böyük problemlərdən birinin işsizlik olduğunu dedi:
-:İşsizliyin faizi yüksəkdir, statistik rəqəmlər isə bunu əks etdirmir. Əvvəllər ali məktəbləri bitirən gənc mütəxəssislər 3 il müddətinə işlə təmin edilirdi. Məsələn, mühəndislər. Son illərdə isə bu tendensiya arxa plana keçdi. 20-25 yaş arası mühəndislər işləyə bilmir, çünki təcrübələri yoxdur. İstehsalat təcrübəsi keçilmir onlara. Ali məktəblər təəssüf ki, mütəxəssis hazırlamır artıq. Halbuki, gənc kadrlara ölkədə ehtiyac böyükdür. Mütəxəssis hazırlığı isə sıfır səviyyəsindədir. Hansısa iş yerinə müraciət olanda da harada, neçə müddət təcrübə keçdiyini soruşur, rəhbərlik, cavab da, təbii ki, qənaətbəxş olmur, çünki heç bir təcrübə keçilməyib. Gənclərin iş tapmamasının əsas səbəblərindən biri budur. Ali məktəblər nəzəriyyəni öyrədir, praktika isə qalır. Təcrübəsi olmayanı isə müəssisələr işə qəbul etmir. Ölkədə ortalama əmək haqqı da materialda göstərildiyi kimi 700 manatdan yüksək deyil. Orta əmək haqqı 400-600 arasıdır. Hətta 300-350 aylıq məvacib alanlar var. Hesab edirəm ki, aylıq əmək haqqı ilə bağlı sorğu düzgün aparılmayıb. Ortalama əmək haqqının səviyyəsini öyrənmək üçün orta təbəqə arasında sorğu, araşdırma aparılmalıdır. Qadınların işə qəbulunda ortalama 30 yaş həddi tələbi əlbəttə ki, onlara qarşı diskriminasiyadır. Bu yaş həddində olanlar adətən ya dayə, ya da satıcı işinə qəbul edilir. Ona görə gənc xanımları istəyirlər, çünki iş şəraiti ağır olur. Satıcılar 12 saat fasiləsiz çalışır. Dayələr də səhərdən axşamadək. Bəzən günün 24 saatı. Gənc xanım lazımdır ki, ağır iş şəraitinə dözə bilsin. Təqaüd yaşı yaxınlaşanların iş tapması isə lap çətindir. Hətta onları xadiməliyə də çətinliklə qəbul edirlər, bu əsasla ki iş şəraitinin ağırlığına tab gətirə bilməz. Nəticədə gənclər iş təcrübəsinə malik olmadıqlarından, orta yaş və yuxarı həddə olanlarsa “qocalıq” bəhanəsiylə işə qəbul edilmir və belə insanlar faktiki maddi sıxıntı içində yaşayır. Hesab edirəm ki, Azərbaycanda əmək bazarının şərtlərinin dəyişdirilməsi, insanların iş yeri tapmasına kömək məqsədilə Milli Məclisə təkliflər verilməli və ali qanunverici orqan bu məsələdə vətəndaşların hüquqlarının təminatına çalışmalıdır".