Heç vaxt gec deyil

Bakılılar tramvaylara qayıtmağı arzulayır

Ekspertlər isə hesab edir ki, bu infrastrukturun yaradılması üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur

  Media Təhlil Mərkəzi vətəndaşların ictimai nəqliyyatla bağlı fikirlərini öyrənib.
  MTM-nin sorğusunda iştirak edən  respondentlərin 86 faizi ictimai nəqliyyatdan mütəmadi, 12,1 faizi nadir hallarda istifadə edir. İştirakçıların 1,9 faizi ictimai nəqliyyatdan istifadə etmədiyini deyib. Nəticələr göstərir ki, respondentlərin 62,1 faizi avtobusdan, 26,8 faizi metrodan, 8,7 faizi taksidən, 2,4 faizi sürət qatarından daha çox istifadə edir. Sorğu iştirakçılarının 52,6 faizi ölkəmizdə tramvayın, 34,6 faizi metrobusun, 12,8 faizi trolleybusun fəaliyyət göstərməsini istəyir.


  Xatırladaq ki, bir neçə il əvvəl tramvayların Bakıya qayıtması ilə bağlı layihələrin icrası aktual idi. Hətta  Fransanın “Alstom” dəmiryol nəqliyyatı şirkəti Bakıda tramvay xətlərinin bərpası layihəsinin reallaşdırılması ilə bağlı Azərbaycan tərəfinin qərarını gözləyirdi.

  Sorğu iştirakçılarının fikirlərini dəstəkləyən ekspertlər də hesab edir ki, Bakı şəhərində tıxacları aradan qaldırmaq üçün ən alternativ yol paytaxtda tramvay və trolleybus xətlərinin çəkilməsidir.

  “Nəqliyyat təhlükəsizliyi”  Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli  isə deyib ki, əgər ekoloji cəhətdən sərfəli olan əvvəlki nəqliyyat vasitələrinin sistemi dağıdılmasa idi, hazırda ciddi üstünlüyümüz olardı: “Hazırda tramvay və trolleybusların fəaliyyət strukturunun yaradılması üçün isə kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. İndiki iqtisadi şəraitdə də bu işə başlamaq gecikmiş qərar ola bilər. Tramvay xətlərinin bərpa olunması ciddi maliyyə tələb edir. Əvvəldən bu xətlər saxlansaydı, indi istifadə etmək üçün köhnə infrastrukturun üzərində yeniləmələr edə bilərdik. Yenidən tramvay xətlərinin qurulması asfalt örtüyünün zədələnməsinə, prospektlərin ortasında qurulan lazımsız vasitələrin, işıq dirəklərinin sökülməsinə səbəb olacaq. Bu infrastrukturun qurulması bəlkə də illər aparacaq prosesdir. Əslində bu problem şəhərsalmanın ilk dövrlərində həll edilməli idi. İndi tramvay reyslərinin inşa edilməsi üçün avtomobil yolları dağıdılmalıdır. Düzdür, onlar ictimai nəqliyyatda tıxac probleminin həlli baxımından əhəmiyyətli nəqliyyat növləridir. Lakin bu gün tramvay və trolleybusların işə salınması sərfəli deyil.  Tıxac problemini həll etmək üçün bu gün Türkiyədə tətbiq edilən metrobusların fəaliyyətə başlamasına nail ola bilərik. Hansı ki, bu, bir qədər az vəsait tələb edən işdir”.