Əlvida, kasıb kişi...

Dünyanın ən kədərli adamı köç etdi

"Sevdiyim qızların heç birini ala bilmədim əlim çörəyə çatanacan uçub getdilər"

  Şair Yafəs Türksəs vəfat etdi. Şair uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Bu barədə tənqidçi Əsəd Cahangir məlumat verib. Yafəs Türksəs Müşfiqabad qəsəbəsində dəfn edilib. Şairin vəfatı ilə bağlı duyğularını hüznlə qələmə alıb sosial şəbəkədə paylaşanlar çoxdur. 

  Elşad Barat bir cümlə yazıb: “Yafəs Türksəsin ölüm xəbəri məni darmadağın etdi, nolar, dostlar, ölməyin”. 
  Şair Eminquey Akif isə bunları yazıb: “Uşaqlığını, gəncliyini doyunca, ya da heç yaşaya bilməyən insanları var bu məmləkətin. Böyüyə-böyüyə bu nakam istəkləri də böyüyür bu adamların. Baxırsan ki, 50 yaşında biri yelləncəkdə yellənir, nəvələriylə maşın sürür, cavan qızlarla eşq yaşamaq istəyir. Amma nə can həmin candı, nə də yaş o yaş. Təfəkkürcə, zövqcə, ədəbiyyatca məndən çox uzaqda olan Yafəs Türksəs də belə insanlardan idi. Lağ mövzusuna çevrilən dənizdə tumanla şəkil çəkdirməyi də, sinəsinə palçıqla "Y+Y" yazmağı da yaşaya bilmədiyi gəncliyindən aldığı kamı idi. Uzaqdan, çox uzaqdan əlləri qabarlı bu uşağın taleyinə baxıb təəssüf hissi keçirmişəm. "Atam bənna idi, məni əlinin altında işlədirdi, heç vaxt ona elə daş vermədim ki, qoymaq istədiyi yerə uyğun gəlməsin, amma həyatda yerimi tapa bilmədim". Ruhu şad olsun!
  Cəlil Cavanşirin statusu: 
  “Yafəs Türksəs qəribə adamdı. Şairdi. Zamanında təsirli şeirlər yazmışdı. Bir az bivec, bir az əhlikef, bir az laqeyd görünsə də əslində çox kədərli adamdı. Qəribə iddiaları, düşüncələri vardı. Bozluğun, eyniyyətin içində maraqlı persona idi. Hər şeyə rəğmən hüdudsuz həyat eşqi, yaşamaq həvəsiylə adamı heyrətləndirirdi... Hərdən zarafat etsəm də, Yafəslə bir az söhbət edən kimi məni inanılmaz kədər bürüyürdü... Oxudum ki, dünyasını dəyişib. Üzüldüm... Ruhu şad olsun!
"O qədər yalanımı tutub ki oğlum
Düzlüyü öyrədə bilmədim ona.
Amma yaxşı ki,
Yaxşı ki öyrədə bilmədim".
  Ayxan Ayvazın statusu: “Mən o kişini atamla bir yerdə olanda görmüşdüm. Ayaqqabı satırdı. Atamı görən kimi çiçəyi çırtlayırdı, düşürdü yanına, başlayırdı söhbətə. Özü də ədəbiyyat söhbətinə. Sonralar bu kişinin yumurta, stəkan da satdığını gördüm. Və yenə də atamı görən kimi yanına düşüb ədəbiyyatdan söhbət edirdi. 
- Sənin filan hekayəni oxudum. Açığı, o, posmodernist hekayə deyil.
- Yafəs, mən postmodernizm-zad hərləmirəm.
  Hə, açığı onun adını istəyirdim sona qədər gizli saxlayım və siz oxucular tapasınız. Amma atam faş elədi.
  Yafəs Türksəsi mən belə tanımışdım... Şeir yazdığını bilmirdim... Qəzetlərin birində onun bu misraları ilə qarşılaşanda sözün həqiqi mənasında şok olmuşdum:
"Doğrayır gecənin bal sükutunu,
Sübhədək ehtiyac qovan taksilər".
Şəklinə baxdım, inanmadım. Gözümü yumub təkrar nəzər yetirdim. Yenə də dedim, ola bilər, bənzətmişəm. Axırı, atama göstərdim.
- Hə, o ayaqqabı satan kişidir.
  Atam gülümsündü...
Günlərin birində təkcənə bulvarda gəzirdim ki, Yafəslə rastlaşdım.
- Sənətkar, salam!
  Sən demə, enli çiyinlərinin arxasında bir qadın varmış. Çəkiləndə gördüm. İndi Yafəsin mənə o qadını tanıtmasına fikir verin:
- Bura bax e... Bu qız sevgilimdi... – bura qədər normal, dalına qulaq asın... – Əri də var.
Və ardınca “hihahaha!”
  Mənə zəng etmişdi bir dəfə. Qarışıq bir yerdəydim, səs-küydən qulaq tutulurdu. Səssiz yerə keçib telefonu qulağıma tutdum:
- Sənətkar, təzə sevgilim var, adı... Onu sayta xəbər kimi qoy da...
  Məni gic bir gülmək tutdu.
"Sevdiyim qızların heç birini ala bilmədim
əlim çörəyə çatanacan uçub getdilər".
  Başa düşdüm ki, Yafəs o uzaq gəncliyində onu bəyənməyən, kasıbçılığına görə ondan üz döndərən qızların qisasını alır.
  Bəlkə də Yafəsi atıb gedən, yaxud Yafəsə gəlməyən qızların indi ona ürəyi yanır, yox deyə bilmirlər şairə. Ən dəqiqini isə bilirəm: Yafəs gəncliyini yaşaya bilməyib. Bəlkə heç uşaqlığını da. Müharibə illəri, ailə faciəsi, uçulmuş ev, Bakı, 90-lar... Hər cür işin altına girmək... Yıxılan gənclik binası...
  Yafəs unikal adamdı. Və bədbəxtdi. Bəzən onun kim olduğunu bilməyən adamların Yafəsi doladığını görəndə içimdə nələrsə qırılır. Uşaqlığım yadıma düşür. Ayaqqabı satan o kişi gözümün qabağına gəlir. Yafəsin atası müharibədən kontuziya ilə qayıdıb, bədəni para-para olub. Ona vəzifə təklifi gəlib, rədd edib, yerini başqa müharibə əlilinə verib. Deyib, mənim əlim-ayağım tutur, bənna işləyərəm. 
"Kasıbçılıqdan xilasımıza
yeganə ümidimiz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil vəfatından sonra
Uçdu bu dünyanın bənnasına
bəslədiyim inam divarı!".
  Yafəs 4-cü sinifdən atasız böyüyüb. Böyük qardaşı saxlayıb onu. Dörd qardaş, bir bacı olublar. Bu şeir həmin günlərin ağrısından doğub. Yafəs o günləri mənə danışanda bir detal xüsusilə təsir eləmişdi. Anası ilə bacısı lampa işığında xalça toxuyurlarmış... Oxumaq üçün “sinov” gedirlərmiş. Böyük qardaşlarına yaman inanıblarmış. Yafəs düşünüb ki, onları bu kasıbçılıqdan, çətinlikdən çıxarsa-çıxarsa qardaşı çıxaracaq. Və qəfil qardaşı sətəlcəm olub ölür... Hamısı sarsılıb. Balaca qardaşı oxuya bilməyib. Bacısını istədiyi adam da tərk edib. Havalanıb bacısı. Aparıb psixi xəstəxanaya qoyublar... Yafəs o vaxtlar şeir yazmayıb. Dərdlər yığılıb-yığılıb daşdığı vaxt qələmə sarılıb. İndi o ağrılı-acılı günlərin qisasını çıxır Yafəs. Ona görə belə qeyri-adi şeylərə qol qoyur. Kədəri birmənalı həyatından uzaq tutur. Bir qızdan ayrılıb zülüm-zülüm ağlayan və sentimental sicilləmə yazan gənc şairlərə qəzəblənir həmişə: 
- Pozitiv olun! Pozitiv!
  O, hamını pozitiv şeirlərə, pozitiv anlara səsləyir. Yafəsin bir cümləsi uzun müddət yaddaşımdan çıxmamışdı: “Həyatda həmişə özümdən zəiflərə uduzmağın taleyini yaşamışam”. Ancaq mən onu zırıldayan, ağlayan görməmişəm. Sentimentallıqdan çox-çox uzaqlardadır... Mən Yafəs qədər səmimi adam görməmişəm. “Yazar” jurnalında hekayəmi çap etmişdi. “Xalqlar dostluğu” metrosunun çıxışında görüşdük. Qonorarımı uzatdı: məbləği deməyəcəm. Ardınca:
- Jurnalı alıbsan?
- Yox!
- 5 manatı ver görüm.
  Qonorarın üstündən 5 manat da götürb mənə bir jurnal uzatdı və çantasını qoltuğuna vurub getdi... Yafəs dərdli adamdı...” 
  Ayla Heydər yazıb: “Şəxsi tanışlığım olmasa da belə, nədənsə, mənə də elə təsir bağışlayırdı. Kədərin içində çabalayan adam ... Hətta elə bilirdim ki, bütün atdığı addımlar məhz daş olub ürəyini sıxan qüssənin əlindən xilas olmaq istəyi idi...”. 
Arzu Şıxıyeva: “Simasından həmişə kədərli olduğu bilinirdi”. 
  Allah rəhmət eləsin, ruhu şad olsun, kədərli adamın!..