"Biz ailə modelinə ciddi fikir verməliyik"

Fərqanə Mehmanqızı: "Yaxşı olar ki, ailə modelinin ənənəvi şəklinə qayıdışla bağlı sosial tədbirlər həyata keçirilsin"

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Sosial Tədqiqatlar Mərkəzi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi günümüz üçün aktual olan sosial tədqiqat həyata keçirib. Tədqiqatın hədəfi ölkəmizdə uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolunun müəyyənləşməsidir. Tədqiqatı əhatə edən layihə uşaq hüquqlarının təminatı və böyüməkdə olan gənc nəslin inkişafı ilə bağlı genişmiqyaslı məsələləri özündə əks etdirir. Layihə çərçivəsində müxtəlif sosial mövzuları əhatə edən "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" ictimai rəy sorğusu keçirilib. İctimai rəy sorğusunun yekunları dünən keçirilən konfransda açıqlanıb. 

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu barədə məlumat verərək bildirib ki, mərkəzin hazırkı tədqiqatı isə uşaq və yeniyetmələrin sosial-mədəni və yaradıcı inkişafı üçün asudə vaxtın təşkili, texnoloji vasitələrin bütün həyat sahələrinə sirayət etməsi, xüsusilə uşaqlar üçün yeni münasibət növləri və tələbatları yaratması, ailə institutunun hər bir fərdin həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında müstəsna yerinin təsdiqlənməsi, onlayn tədrisə keçidin uşaqlara üstünlüklərlə yanaşı, müxtəlif problemlər gətirməsi, uşaqların əmək vərdişləri, yaxud qanunsuz əməyə cəlbi və məktəbəqədər təhsil və digər məsələlər tədqiqatın predmeti olub: "Ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki, hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib. Peşə seçimi dövründə uşaqların gələcək ixtisas axtarışları texniki peşə təhsili müəssisələrin sayının azlığı ilə qarşılaşır. Belə ki, orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır". Sorğulardan biri yeniyetmələrin kimləri, hansı peşə sahiblərini nümunəvi şəxs olaraq gördüyü ilə bağlı olub. Sorğu nəticəsində oğlanların 25 faizinin idmançıları, 8.6 faizinin müğənniləri özünə nümunəvi şəxs kimi götürdüyü məlum olub. Rəyi soruşulan qızlardan 8.6 faizi müğənniləri, 7.6 faizi isə alimləri, oğlanların 16 faizi hərbçiləri özünə nümunəvi şəxs kimi götürüb. Jurnalistləri nümunə götürdüyünü deyən yeniyetmə oğlanların sayı 0.5 faiz, qızlar isə 2.8 faiz təşkil edib. Bundan başqa, məşhur şəxslərdən özünə heç kimi nümunə götürməyən yeniyetmə oğlanların sayı 32.7 faiz, qızlar isə 41.6 faiz olub. Qeyd edək ki, sorğu 12-16+ yaş qruplarındakı 2400 respondent arasında aparılıb. 

  “Ailədə kimin davranış və şəxsiyyətini nümunə kimi görürsünüz?” sorğusunun nəticələrinə görə, Azərbaycanda 10 məktəblidən biri ailəsindəki heç kimin davranış və şəxsiyyətini nümunə kimi görmür. Sorğuda 2400 respondentin və 24 ekspertin rəyi öyrənilib. Sorğu Bakı və Abşeron, Quba-Xaçmaz, Dağlıq-Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarını əhatə edib. Tədqiqatın əsas məqsədi ölkədə uşaq hüquqlarının təmin edilməsinə, onların marağının qorunmasına, bu sahələrdəki problemlərə və müsbət təcrübələrə dair ölkədə ümumi vəziyyətin təsvirini sosioloji tədqiqat vasitəsilə öyrənmək olub. Tədqiqatda qarşıya qoyulan məqsədə nail olmaq üçün şəxsi inkişaf və asudə vaxtın təşkili, internetdən istifadə, ailə ilə münasibətlər, tədris, uşaq əməyi, uşaq hüquqları üzrə vəzifələri yerinə yetirmək nəzərdə tutulub. Qeyd olunan mövzular hər biri ayrı-ayrılıqda tədqiqatın vəzifəsi olmaqla, bir sıra metodların kompleks istifadəsi ilə öyrənilib. Bura həm kəmiyyət sorğusu, həm keyfiyyət müsahibələri, eyni zamanda müvafiq elmi ədəbiyyatın təhlili aiddir. "Şəxsi inkişaf və asudə vaxtın təşkili" bölməsində valideynlər tərəfindən uşaqların məktəbdənkənar vaxtının necə təşkil edilməsi sosioloji sorğu üzərindən təhlil edilib. Eyni zamanda uşaqların maraqlarının təmin olunmasında, habelə asudə vaxtının təşkilində ailələrin maddi vəziyyəti ilə uzlaşdırılması araşdırılıb. Yeniyetmə və gənc məktəblilərin şəxsiyyət kimi formalaşmasında, gələcək peşə seçimində ailənin və ətraf insanların təsirləri təhlil edilib. “İnternetdən istifadə” bölməsində müasir dövrün informasiya-kommunikasiya tələbatının uşaqlar üzərindəki təsirlərindən bəhs edilir. İnternetin yaratdığı asılılıq, uşaqların internet resurslarından istifadə etmək bacarıqları, informasiya-kommunikasiya sahəsində yeniyetmə və gəncləri cəlb edən məqamlar yer alıb. "Ailə ilə münasibətlər" bölməsində valideynlərin uşaqlar üzərindəki təsirlərinə dair sosioloji tədqiqat aparılıb. Burada uşaqlara ailədə verilən tərbiyədən, onlara qarşı davranışlardan, diskriminasiyalardan bəhs edilir. Sorğu vasitəsilə ailə daxilində ünsiyyət formaları, ailə üzvləri ilə psixoloji yaxınlıq və sair bu kimi sosioloji məqamlar təhlil edilib. Respondentlər “ailə üzvləri və qohumlarından daha çox kimi özünə nümunəvi şəxs kimi götürmüsən” sualına da cavab verib. Məsələn, atanı oğlanların 44,2 faizi, qızların isə 21,1 faizi seçib. Əksinə, ananı nümunə kimi göstərənlərin 43,1faizi qız, 12,5 faizi oğlandır. Eyni qanunauyğunluğu babanı daha çox oğlanların, nənəni qızların seçməsini, daha sonra bibi, xala, əmi, dayı seçimində də görə bilərik. Bu, bir daha sübut edir ki, nümunə kimi seçilən şəxs yetişməkdə olan şəxsiyyətin özünü identifikasiya etdiyi, davranışlarını ona nəzərən qurduğu insandır. 

Ümumi faiz göstəricilərində nəzərəçarpan əsas məsələ ata və ananın qazandığı faiz göstəricilərinin digər ailə üzvlərinin qazandığı faizlərdən kəskin fərqlə irəlidə olmasıdır. Bu, öz-özlüyündə labüd görünsə də, eyni zamanda dolayı yolla uşaqların məhz nuklear ailə üzvlərinə yönümlü olmasının göstəricisi ola bilər. Ancaq diqqəti cəlb edən digər məsələ ailədə heç kimi nümunə kimi görməyən respondentlərin statistik əhəmiyyətli 8,1faiz toplamasıdır, yəni təqribən hər 10 məktəblidən biri ailəsindəki heç kimin davranışı və şəxsiyyətini nümunə kimi görmür. "Tədris" bölməsində şagirdlərin səriştələrə yönəlik təhsil mühitinin yaradılması, məktəbə bağlılıq, təlim prosesinə uyğunlaşma, psixoloji-sosioloji adaptasiya məsələləri tədqiq edilib. Burada orta məktəblərdə psixoloji işin təşkilində valideyn-müəllim münasibətlərinin təşkili də yer alıb. 

  Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında bu cür rəy sorğularının ictimai problemlərin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirdi: 

- Biz bu gün uşaqların fiziki və mənəvi inkişafının düzgün istiqamətdə aparılmasını istəyirik və buna səy göstəririksə, uşaqların fikirlərini, düşüncələrini bilməliyik. Uşaqlar ailəyə, valideynlərə, məktəbə nə dərəcədə bağlıdır, ictimaiyyətdə baş verənlərdən nə dərəcədə xəbərdardırlar, öz gələcəklərini görə bilirlərmi, peşə, ixtisas seçimi edə bilirlərmi... Əgər yeniyetmələr böyük faiz fərqi ilə müğənniləri, yaxud idmançıları nümunə olaraq görürsə, bu, heç də yaxşı göstərici sayılmaz. Deməli, bu uşaqların ailələri, valideynləri ilə bağları o qədər də möhkəm deyil. Məktəblə, müəllimlərlə də münasibətlərində problem var. Sosioloji sorğular günümüzün reallıqlarını üzə çıxarır. Eyni zamanda reallıqların ölkəmizin gələcəyi naminə müsbət istiqamətə dəyişdirilməsi üçün imkan da verir. 

Bu günün uşağı sabahın yeniyetməsi, gələcəyin gəncidirsə, nümunəvi şəxsləri özünə nümunə olaraq görməlidir.  44 günlük Vətən müharibəsindən sonra hərbçi olmaq istəyənlərin sayında gözəgörünən artım müşahidə edilir. Bu, əlbəttə sevindiricidir. Hər bir vətəndaşın ən ümdə vəzifəsi Vətəni qorumaqdır və əgər yeniyetmələr arasında hərbçi olmağa üstünlük verənlər çoxdursa, bu, müsbət haldır. Biz ailə modelinə də ciddi fikir verməliyik. Azərbaycanda tarixən böyük ailələr dominant olub. Lakin son zamanlarda ailələr də kiçilib, valideyn və uşaqlarla məhdudlaşmağa başlayıb. 

Bu cür kiçik tərkibli ailələrdə böyüyən uşaqlar daha çox qapalı, ictimaiyyətə açıq olmurlar. Geniş ailələrdə yaşayan, 2-ci, 3-cü dərəcəli qohumlarla sıx təmasda olanlarsa daha sərbəst, özünəgüvənli olur. Yaxşı olar ki, ailə modelinin ənənəvi şəklinə qayıdışla bağlı sosial tədbirlər həyata keçirilsin.