“Bu modeli tətbiq edərək çoxmərtəbəli binaların 1-ci mərtəbəsini uşaq bağçasına çevirə bilərik”
“Bölgələrdə isə torpaq sahəsi ayırıb, özəl sektora şərait yaradaraq, bu problemi həll etmək mümkündür”
Sosial Tədqiqatla Mərkəzinin rəhbəri Zahid Oruc təhsillə bağlı sos verib.
O bildirib ki ölkəmizdə 1825 uşaq bağçası var. Bu o deməkdir ki ən yaxşı halda hər 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur.Bəs görəsən İcra orqanlarından alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən bu müəssisələr nə zaman tam təminatlı çalışacaq? Bu prablemi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, problemi həll etmək üçün Türkiyə modelinə keçilməli və özəl sektora şərait yaradılmalıdır:
“Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra, Qarabağ konflikti nəticəsində, məcburi köçkünlər dövlət uşaq bağçalarının binalarında yerləşdirilmişdi. Bağçaların maddi təminatının yüksəldilməsi məqsədilə 2001-ci ildə İcra hakimiyyətlərinin tərkibinə verildi. Lakin 2001-2021 ci illərə baxsaq görərik ki, bu zaman kəsiyində həm uşaq bağçalarının sayı azaldı, həm də ciddi problemlər ortaya çıxdı.
Bu gün 1825 uşaq bağçası var ki, onların da 350-i Bakıda yerləşir. Gədəbəy Zaqatala və s kimi bölgələrdəki bağçaların sayı azdır. Şagirdlərin bağçalara getməsi isə onların gələcəkdəki inkişafı üçün çox vacibdir. Yəni bağçaya gedənlə, getməyən uşaq arasında ciddi bilik və bacarıq fərqi olur. Hazırda dövlət tərəfindən yeni bağçaların inşasına isə böyük vəsait lazımdır”
Ekspert qeyd edib ki, mövcud problemi həll etmək üçün özəl sektora şərait yaratmaq lazımdır:
“Məsələn, İstanbulda 7 min təhsil müəssisəsindən 3500-ü özəldir. Amma Azərbaycanda 4432 təhsil mərkəzinin yalnız 30-u özəldir. Uşaq bağçalarından isə 90-nı lizenziya alıb və özəl fəalliyət göstərir.
Ümumiyyətlə, isə özəl sektorun şərtləri yumşaldılmalı və xüsusi yerlər ayrılmalıdır. Çünki onlar dövlətin yükünü götürürlər. Biz Türkiyə modelini tətbiq edərək çoxmərtəbəli binaların 1-ci mərtəbəsini uşaq bağçasına çevirə bilərik.
Bölgələrdə isə torpaq sahəsi ayırıb, özəl sektora şərait yaradaraq, bu problemi həll etmək mümkündür. Eyni zamanda dövlət kommunal xərclərdə və vergidə, özəl bağçalara güzəşt edərək qiyməti də aşağı həddə sala bilər. Bununla da onlar hər kəs üçün əlçatan olar”.