“Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir:
“Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda öz milli qırıcımız və tankımızı da istehsal edəcəyik”.
Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.