Sabir Rüstəmxanlı: “Şərq” qəzetinin ölkə ictimaiyyəti yanında xüsusi yeri var

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı: 

 
 "Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən "Şərq" qəzetini nəşrə başlamasının 28-ci ildönümü münasibəti ilə təbrik edirəm. 1996-cı il noyabrın 1-dən etibarən oxucularının görüşünə gələn "Şərq" qəzeti Azərbaycanda "Ən çox oxunan qəzet" tituluna sahib nəşrlərdən biridir. Müstəqilliyimizin ilk illərində nəşrə başlayan "Şərq", hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmir, həmçinin hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini bu gün də verməkdədir. 

Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirməyib, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurub. Bu cəhət "Şərq" qəzetinin son dərəcə böyük nailiyyətidir. 
  Müstəqilliyimizin ilk illərindən fəaliyyət göstərən bu qəzet milli mətbuat tariximizi dərindən araşdıran, bu yolda əzmkarlıq göstərən hörmətli dostumuz Akif Aşırlının rəhbərliyi ilə adını tarixə həkk edə bilib. Həmişə dövlət, dövlətçilik ənənələrinə sadiq qalan, obyektivliyi, mətbu qaydaları, müasir media ənənələrini həssaslıqla qoruyan “Şərq” qəzetinin ölkə ictimaiyyəti yanında xüsusi yeri var. 28 il ölkə mediasında qalmaq böyük nailiyyətdir. Bu illər ərzində öz mövqeyini saxlamaq və neytral vəziyyət obrazı yaratmaq olduqca sevindiricidir. Hörmətli Akif Aşırlı başda olmaqla bütün “Şərq”çiləri, redaksiya heyətini “Şərq” qəzetinin 28 yaşı münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram".