Aqşin Yenisey: "Gələcəkdə bu günün şəklini, məğzini axtaranlar “Şərq”ə üz tutacaqlar"

28 yaşlı "Şərq"ə təbriklər gəlir...


 - Məncə, “Şərq” qəzeti özü də özünü təbrik etməlidir. Yazılı dilin mövqeyinin sarsıldığı, vizual mağara dilinin yenidən önə çıxdığı dünyada baxılan deyil, oxunan həqiqətlərin qəzeti olaraq yaşaya bildiyi üçün. 

“Şərq” gələcəyin qəzetidir. Bunu çox adam dərk etmir. Onlayn media arxivləşmir. Onlayn zaman unudulub gedir, silinir. Gələcəkdə bu günün şəklini, məğzini axtaranlar “Şərq”ə üz tutacaqlar. “Şərq” gələcəkdə daha çox oxunacaq, həm də intellektual elita tərəfindən oxunacaq. “Şərq” bu günümüzü gələcəyə daşıyır. Gələcəyin yazıçısı “Şərq”ə baxıb roman yazacaq. Tarixçisi “Şərq”i araşdıracaq. Artıq yazarların peşman nəsli yaranıb; ən yaxşı yazılarını nə vaxtsa onlayn medianın yaddaşına həvalə edib indi tapa bilmədikləri üçün peşmandırlar. Medianın altsheymer xəstəliyinə yoluxdurulduğu dünyada kollektiv yaddaşı qorumaq fədakarlıqdır. “Şərq” özünü bu fədakarlığına görə təbrik etməlidir.