ÜST SOS həyəcanı verdi

Vərəm xəstəliyi tüğyan edəcək

Məktəblilər ildə bir dəfə yoxlanılmalı, ağ ciyərləri mütləq rentgen edilməlidir


  Ümumdünya Səhiyyə Təşkilatı vərəmlə bağlı yeni hesabat dərc edib. Təşkilat 2023-cü ildə təxminən 8,2 milyon yeni xəstəyə vərəm diaqnozunun qoyulduğunu, bunun ÜST-nin vərəm xəstəliyinin qlobal monitorinqinə başladığı 1995-ci ildən bəri ən yüksək rəqəm olduğunu aşkar edib. Belə ki, 7,5 yeni hadisənin qeydə alındığı 2022-ci illə müqayisədə xəstəliyin nəzərəçarpacaq dərəcədə artması nəticəsində 2023-cü ildə vərəm yenidən COVID-19-u bu mövqedə əvəz edərək, ölüm hallarının aparıcı infeksion səbəbi olub. ÜST-nin “Qlobal vərəm - 2024” hesabatında vərəmlə mübarizədə qlobal birliyin həm uğurları, həm də səhvləri, o cümlədən vərəm əleyhinə tədbirlərin ciddi şəkildə maliyyələşdirilməməsi nəticəsində yaranan xroniki problemlər öz əksini tapıb. Vərəmdən ölənlərin ümumi sayı 2022-ci ildəki 1,32 milyon nəfərdən 2023-cü ildə 1,25 milyona düşsə də, 2023-cü ildə vərəmə yoluxanların ümumi sayı bir qədər artaraq 10,8 milyon insana çatıb. Xəstəlik qeyri-mütənasib şəkildə vərəmin ən yüksək səviyyəsinin olduğu 30 ölkənin əhalisinə təsir göstərir. Qlobal vərəm yükünün 56 faizi Hindistan (26 faiz), İndoneziya (10 faiz), Çin (6,8 faiz), Filippin (6,8 faiz) və Pakistan (6,3 faiz) kimi ölkələrin payına düşür. Hesabatda qeyd olunur ki, vərəmə yoluxanların 55 faizi kişilər, 33 faizi qadınlar, 12 faizi isə uşaq və yeniyetmələrdir. ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib: “Vərəmin qarşısını almaq, onu aşkarlamaq və müalicə etmək üçün vasitələrə malik olduğumuz halda, virusun bu qədər insanın ölümünə və iztirablara səbəb olması çox qəribədir. ÜST bütün ölkələri bu müalicələri genişləndirmək və vərəmə son qoymaq üçün öhdəliklərini yerinə yetirməyə çağırır”. Əgər COVID-19 pandemiyası zamanı (2020 və 2021-ci illər) yeni vərəmə yoluxma hallarının təxmini və qeydə alınmış sayı arasında fərq 4 milyona yaxın idisə, 2023-cü ildə pandemiyanın səbəb olduğu vərəmə qulluqda fasilələrin aradan qaldırılması üçün beynəlxalq səylər nəticəsində bu rəqəm təqribən 2,7 milyona düşüb. İİV-ə yoluxmuş şəxslər arasında vərəmin kimyaprofilaktikasının əhatə dairəsi eyni səviyyədə qalıb və vərəm diaqnozu qoyulmuş şəxslərin məişət təmasları arasında fərq artmaqda davam edir. Bununla belə, çoxlu dərmanlara davamlı vərəmin yayılması ictimai səhiyyə böhranı olaraq qalır. Dünyada vərəm tədqiqatları üçün çox az maliyyə vəsaiti var. Belə ki, 2022-ci ildə bu vəsaitin həcmi 5 milyard dollarlıq illik hədəfin yalnız beşdə birini təşkil edib. Bu, yeni vərəm diaqnostikasının, vərəm əleyhinə dərmanların və peyvəndlərin hazırlanmasına mane olur. Yeni vərəm hallarının əhəmiyyətli bir hissəsi beş əsas risk faktoruna məruz qalma ilə bağlıdır: qidalanma, HİV infeksiyası, alkoqol istifadəsi pozğunluqları, siqaret (xüsusilə kişilər arasında) və diabet. Bu amillərin, eləcə də yoxsulluq və adambaşına düşən ÜDM kimi mühüm determinantların həlli geniş sektorlar üzrə əlaqələndirilmiş fəaliyyət tələb edir. Vərəmin yükünü azaltmaq sahəsində bir sıra qlobal hədəflər və məqsədlər qrafikdən geri qalır və 2027-ci ildə BMT-nin vərəmlə bağlı yüksəksəviyyəli ikinci iclası ərəfəsində nəzərdə tutulan digər hədəflərə nail olmaq üçün əhəmiyyətli irəliləyiş tələb olunur. ÜST hökumətləri, qlobal tərəfdaşları və donorları 2023-cü ildə BMT-nin yüksəksəviyyəli iclasında götürülmüş öhdəlikləri konkret tədbirlərlə dəstəkləməyə çağırır. Təşkilat qeyd edir ki, vərəmə qarşı vaksinlərin inkişafı, elmi tədqiqatlara ayrılan vəsaitin artırılması vasitəsilə tərəqqinin sürətləndirilməsi və ilk növbədə, 2027-ci il üçün nəzərdə tutulan qlobal məqsədlərə nail olunması üçün təcili tədbirlərin görülməsi çox vacibdir.

  Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, tibbi müayinədən keçmələri icbari olan qruplar var, vərəm xəstələri də bu qrupa daxildir: 

- Buna "obliqat qruplar” (müxtəlif sahələrdə çalışan, işə qəbul olunarkən və sonradan dövri tibbi müayinədən keçmələri tələb olunan vətəndaşlar) deyilir. "Obliqat qrup”a daxil olan vətəndaşlar daim nəzarət altında olmalı, mütəmadi tibbi müayinədən keçməlidirlər. Poliklinikalarda müayinə otaqları var. Hər bir vətəndaş işə qəbul olunmaq üçün tibbi müayinədən keçməli və tibbi arayış təqdim etməlidir. İşəgötürənlər də işə qəbul olunmaq üçün müraciət edən şəxsdən tibbi arayış tələb etməlidirlər. Təəssüf ki, bu şərtlərə bəzən əməl edilmir. Nəticədə ictimai iaşə obyektləri, uşaq müəssisələri, təhsil ocaqlarında çalışanlar və bu məkanları  müntəzəm ziyarət edənlər və oranın sakinləri – uşaqlar, məktəblilər, ciddi təhlükə altına düşürlər. Yoluxucu xəstəliklərə ciddi nəzarət olmalıdır ki, xəstəlik yayılmasın. Vərəm hava-damcı yoluyla yoluxan xəstəlikdir. İmmuniteti zəif olan şəxsin vərəmə yoluxma riski daha yüksəkdir. Bu xəstəliyə yoluxmuş, amma bundan xəbərsiz olan birisi onu asanlıqla yaxınlıqdakı, yaxın təmasda olan insana ötürə bilir. İctimai iaşə obyektlərini ona görə önə çəkirik ki, burada heç bir qoruyucu vasitədən istifadə etməyən insanlar müştərilərə yemək təqdim edirlər. Bazarlara, küçə ticarətinə baxın. Əlləri tozdan qap-qara, üst-başı çirkli, natəmiz satıcılar vətəndaşlara "xidmət göstərir”. Son vaxtlar əksər satış mərkəzlərində çörəklər kağız, ya da sellofan torbalarda satışa gəlir. Amma hələ də çörəyin açıq halda satıldığı, satıcının da heç bir əlcəkdən, qoruyucu vasitədən istifadə etmədən çörək satışı ilə məşğul olduğu yerlər var. İaşə obyektləri potensial yoluxma riski daşıyan məkanlardır. Biz demirik ki, vərəm xəstəsi hardasa işləməsin, çalışmasın. İnsan xəstələnə bilər, amma müayinə və müalicə olunmalıdır. Rəsmi qurumlar da bu işə nəzarət etməlidir. Baxın, sovet vaxtı ildə bir dəfə əhalinin məcburi dispanser müayinəsi aparılırdı. Məktəblilər ildə bir dəfə yoxlanırdı, ağ ciyərləri rentgen edilirdi. Bu tədbirlər indi də mütləq icra edilməlidir.