Bakıda partlayışda yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB + FOTO

Bu gün Bakının Yasamal rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
TƏBİB-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinin Reanimasiya şöbəsində Şahin Manafovun müalicəsinə davam edilir.

Bədənin 20-25 faiz yanığı, II-III dərəcəli termiki yanıqla mərkəzə daxil olan pasiyentin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

14:41

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.