Türkiyəli nazir:“Azərbaycanla hərtərəfli əməkdaşlıq davamlı olacaq”

“Azərbaycanla hərtərəfli əməkdaşlıq davamlı olacaq, texnoloji, elmi, sənaye sahəsində layihələrin qarşılıqlı və birgə icrasında maraqlıyıq”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Texnologiya sahəsində Azərbaycanla Türkiyə arasındaki əlaqələrin gələcəyindən danışan nazir deyib ki, ölkəsi dost və qardaş ölkələrin ehtiyaclarını ödəmək üçün müasir texnologiyalar istehsal edir.

Xatırladaq ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.