Prokuror mənimsəmədə təqsirləndirilən şirkət rəhbərinə 14 il həbs cəzası istədi

Prokuror xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report”un xəbərinə görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Növbəti iclas oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, “Kat Holding” MMC-nin təsisçisi Ələkbərov Elçin Bəşir oğlunun vəzifələrinin icrası zamanı qanun pozuntularına yol verməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Şirkətin tikməkdə olduğu binadakı mənzillərlə təmin edilməyən bir çox vətəndaşın və Litva Respublikasının vətəndaşı Pocius Povilasın müraciətləri əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəməsi nəticəsində sözügedən binaların inşası başa çatdırılmayıb, bu da öz növbəsində çoxsaylı vətəndaşların şikayətinə səbəb olub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə Ələkbərov Elçin Bəşir oğlu və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.