Ələsgər Məmmədli: "TikTok"un birmənalı olaraq zərərli kontent istehsal etməsi fikri yanlışdır"
Əhməd Qəşəmoğlu: “Sosial şəbəkələr ilan zəhəri kimidir. Onlardan düzgün istifadə etmək dərmandırsa, bir qədər çox istifadə etmək təhlükəli, lap çox istifadə etmək isə öldürücüdür"
Seymur Verdizadə: "Dövlət nə vaxt bu şəbəkənin fəaliyyətinə icazə verəcəksə, o zaman fəaliyyətimi bərpa edəcəyəm"
“TikTok” sosial şəbəkə platformasına ölkə ərazisində giriş müvəqqəti olaraq sentyabrın 14-dən Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılıb. Buna səbəb isə dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını almaqdır.
Bu platformadan daimi istifadə edən, canlı yayımlar vasitəsilə gəlir əldə edən insanları isə düşündürən bir sual var: Azərbaycanda “TikTok”a qoyulan məhdudiyyət nə vaxt götürüləcək?
Qeyd edək ki, sabiq deputat Hüseynbala Mirələmov yeni açıqlamaları ilə diqqət mərkəzinə düşüb. O, müsahibəsində sosial şəbəkələrə qarşı olduğunu bildirib.
Sabiq deputat bildirib ki, əgər əlində səlahiyyət olsaydı, "TikTok"u bağladardı. Onun bu fikri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə “Şərq”ə açıqlamasında qeyd edib ki, "TikTok"un birmənalı olaraq zərərli kontent istehsal etməsi fikri yanlışdır:
“Əvvəla onu deyim ki, ölkə ərazisində “TikTok” a girişin müvəqqəti də olsa məhdudlaşdırılması mövcud qanunvericiliyimizə ziddir. “Tiktok”da gənclər əxlaqdan kənar paylaşımlar edir, yaxud da dövlət sirri, hərbi münaqişələrlə bağlı zərərli informasiyalar yayılırsa bunun həlli şəbəkəni bloklamaq deyil. İstər real, istərsə də virtual həyatda fərqli mədəniyyət səviyyəsi, əxlaq anlayışı olan insanlar mövcuddur. Biz bütün sosial şəbəkələrin yaxşı və pis tərəflərini ayrı-ayrılıqda götürə bilərik. Bu bizim özümüzdən asılıdır. Amma heç bir halda düşünmək olmaz ki, bir şəbəkə yalnız pis kontent istehsal edir. Mətbəxdəki bıçaqdan siz soğan soymaq üçün istifadə edirsiniz, amma kimsə həmin bıçaqla başqasına hücum edib, onun həyatına son verə bilər. Yəni mətbəxdəki bıçağı pis niyyətlə istifadə etməyənə qədər, o, pis məna daşımaz. Eyni ilə sosial şəbəkələr də özlüyündə pis məqsəd daşımır, ta ki onun üzərinə kontenti pis niyyətlə yerləşdirənə qədər. Burada daha çox faydalı aspektləri təşviq etmək lazımdır. Çünki qısa videolar, qısa mesajlar şəklində çox dəyərli bilgilər axtarmaq, maraqlı riyazi informasiyalar ötürmək, görmək mümkündür. Hər hansı videolardan kəsilmiş, birbaşa məqsədə yönəlmiş siyasi, ictimai, sosial mesajlar da ola bilər. Bütünlüklə bir şəbəkəni yaxşı və ya pis deyib, ayıra bilmərik. Hər bir sosial şəbəkənin içərisində pis də, yaxşı da var. Həmçinin əxlaqa zidd, əxlaqa uyğun olan kontent də var. Hətta siyasi şərhli “Twitter” üzərindən baxsanız orada da əxlaqa zidd kateqoriya görə bilərsiz. Şəbəkə özlüyündə kontent deyil, şəbəkə sadəcə platformadır. Onun üzərindəki kontenti biz istifadəçilər formalaşdırırıq.
Hansısa bir istifadəçi “TikTok”da özünü yaxşı aparmırsa buna görə sosial şəbəkəni cəzalandırmaq adekvat deyil. Ayrı-ayrı şəxslər öz paylaşımları ilə bağlı məsuliyyət daşımırlarsa, bununla bağlı fərdi tədbirlər görmək olar.
Təsəvvür edin ki, kimsə telefonla sizə zəng edib söyüş söyür və siz isə söyənə əliniz çatmır deyə, əsəbdən telefonu divara çırpıb sındırırsınız. Bu nə dərəcə düzgün cəzalandırma üsuludursa, ayrı-ayrı istifadəçi paylaşımlarına görə, “TikTok”u bloklamaq da eyni mahiyyət daşıyır. “TikTok”un məhdudlaşdırılması ilə bağlı qərar verən qurumlar bilməlidir ki, hazırda gənclərin əksəriyyəti pulsuz “VPN”lər üzərindən çox rahat şəkildə öz hesablarını aktiv saxlayırlar. Yəni seçdikləri mübarizə üsulu fayda yox, daha çox zərər verir. Azərbaycanda “TikTok”a giriş məhdudlaşdırılan gün mən xaricdəydim və buna rəğmən Azərbaycan kontingentinin paylaşdığı çoxsaylı hərbi informasiyaları görürdüm. Yəni ki, “TikTok”un bağlanması “Dəvəquşu siyasəti”dir”.
Cəmiyyət üçün sosial şəbəkələrin zərərindən çox faydasının olduğunu vurğulayan ekspertə görə, hər bir sosial platforma insanların özünü ifadə etməsinə və informasiya əldə etməsinə xidmət edir: “TikTok” dezinformasiyaların qarşısını almaq üçün maarifləndirmə aparmalı və daha müsbət məqsədlər üçün istifadəsinə nail omaq lazımdır. “TikTok"un inkişaf səviyyəsi ondan öncəki bütün sosial şəbəkələrdən iki dəfə yüksəkdir. Çünki "TikTok"da mobil texnologiya üzərindən istənilən vizual kontenti yayma, həmin video kontentə mətn əlavə etmək imkanı var və bu, istər-istəməz onu cəlbedici hala gətirir. "TikTok"un təqdimatına qoşulduğunuz zaman hansı kontenti görmək istəməyinizdən asılı olaraq seçim verir. Siz faydalı kontentləri seçmiş olsanız, o zaman deyilən hansısa əxlaqsız, digər mənfi kontentləri görməyəcəksiz. Yəni istifadəçi özü bunu kontrol edə bilir”.
“TikTok”un Ermənistan silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan sonra məhdudlaşdırılmasına diqqət çəkən Ə.Məmmədli hesab edir ki, bu həm də bir ayrıseçkilikdir: “Hərbi vəziyyətlə bağlı paylaşımlar daha çox “Teleqram”da paylaşılır və sürətli yayılır. Bu reallıq fonunda niyə məhz “TikTok”a giriş bloklanıb? Həm də ki, hərbi sirlərin qorunmasına mükəlləf olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmirsə, burada “TikTok”un nə günahı var?"
Sosioloq Əhməd Qəşəmoğlu da hesab edir ki, "TikTok" və ya digər sosial şəbəkələrin hansısa bir qolunu qadağan etmək düzgün yanaşma deyil.
Bu həm beynəlxalq aləmdə pis səslənir, həm də ölkə daxilindəki insanları həmin xidmətlərdən məhrum edir: “Sosial şəbəkələr ilan zəhəri kimidir. Onlardan düzgün istifadə etmək dərmandırsa, bir qədər çox istifadə etmək təhlükəli, lap çox istifadə etmək isə öldürücüdür. Biz həm maarifləndirmədən, həm də nəzarət mexanizmindən güclü şəkildə istifadə etməliyik. Yəni yalnız maarifləndirmə və ya yalnız nəzarətlə nəyə isə nail olmaq mümkün deyil. Televiziyalarımızda səviyyəsiz, şit verilişlər yayımlamaq əvəzinə bu sahədə maarifləndirmə aparmalıyıq. Bu sahədə böyük reytinq qazanan proqramlar hazırlamaq olar. Bunun üçün bacarıqlı jurnalistlərə və televiziya işçilərinə ehtiyac var.
Həmçinin valideynləri də maarifləndirmək lazımdır ki, sosial şəbəkələrdən həm özləri, həm də övladları düzgün şəkildə istifadə edə bilsinlər. Məktəblərdə də maarifləndirmə işləri aparılmalıdır və zərərli materialların nə üçün, kimlər tərəfindən yayıldığı, insanlara mənfi təsirləri izah edilməlidir. Digər tərəfdən ölkədaxili alternativ sosial şəbəkələr yaratmağa çalışmalıyıq. Buraya xüsusən gəncləri cəlb etmək, maraqlı məsələləri işıqlandırmaq və sosial şəbəkənin özündə maarifləndirici işlər aparmaq lazımdır. Bunun üçün komanda olmalıdır. Böyük bir heyət işləməlidir ki, nə isə etmək mümkün olsun. Bundan əlavə, filtrlərdən istifadə edərək xoşagəlməz, arzuolunmaz, mənəvi dəyərlərə mənfi təsir edən materialların yayılmasının qarşısını almaq lazımdır. Həmçinin bu cür materiallara baxan insanlara xəbərdarlıq edilə bilər. Vəziyyəti ətraflı təhlil etmək və Azərbaycan insanına hansı şəkildə təsir etməyin mümkün olduğu müəyyənləşdirilməli və bununla bağlı işlər görülməlidir".
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə hesab edir ki, sosial şəbəkələr təkcə Azərbaycanda deyil, dünyanın hər yerində sürətlə enerji qəbiristanlığına çevrilir. “TikTok” isə bu sıralamada ön yerdə dayanır:
“Başqa ölkələri deyə bilmərəm, amma Azərbaycanda “TikTok” ciddi virtual məkan hesab olunmur. Hətta mən “TikTok”da hesab açanda bəzi dostlarım narazılıq edib, mənə məhz bu platformada fəaliyyət göstərməyi rəva görmədilər.
Buna baxmayaraq, “TikTok”da hesab açdım və qısa müddət ərzində böyük auditoriya toplaya bildim. Elə videolarım oldu ki, bir gecədə 200 min baxış topladı. Auditoriya getdikcə genişlənsə də, “TikTok”un bağlanmasından sonra fəaliyyətimi dayandırdım. Bəli, hazırda “TikTok”a VPN-lə daxil olanlar var. Bu adamların sayı günbəgün artır. Mən qanunlara, qaydalara riayət etməyi sevən adam olduğum üçün VPN vasitəsilə “TikTok”a qoşulmaqdan imtina etmişəm. Dövlət nə vaxt bu şəbəkənin fəaliyyətinə icazə verəcəksə, o zaman fəaliyyətimi bərpa edəcəyəm. Mən orada ciddi sosial problemlərdən bəhs edən videolar paylaşırdım. Qarşıma “TikTok”u ciddi platformaya çevirmək kimi bir vəzifə qoymamışam. Amma bu platformada həmişə ciddi paylaşımlar edəcəyimə əmin ola bilərsiniz.
Sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun “TikTok”un birdəfəlik bağlanmsı ilə bağlı arzusuyla tanışam. Hüseynbala Mirələmovdan və onun kimi düşünən adamlardan olsa, Azərbaycanda bütün sosial platformalar bağlanar. Biz sovet dövrünü çoxdan arxada qoymuşuq. Fərqli düşüncədən və fərqli düşünənlərdən qorxmaq lazım deyil. Biz ancaq fikir müxtəlifliyi sayəsində açıq, şəffaf cəmiyyət qura, qabağa gedə bilərik”.