Şiddət və qorxu təlqin edir


"Helloen" bayramının Azərbaycanla heç bir əlaqəsi yoxdur

Məktəbliləri, bağça uşaqlarını, ümumiyyətlə, bu şənliklərdən uzaq tutmaq lazımdır


Hər il oktyabrın 31-də dünyanın müxtəlif ölkələrində təntənəli şəkildə keçirilən “Helloen” bayramını ölkəmizdə bəziləri qəbul etmir. Buna rəğmən Bakının bir çox restoranlarında, klublarında bu bayram çox təmtəraqla qeyd olunub. İnsanlar bu bayramın özəllikləri olan qəribə geyimlər geyinib, qorxuducu qrimlər edərək həmin restoranlara, tədbirlərə axışıblar. Hətta bir çox əyləncə mərkəzləri uşaqların diqqətini cəlb etmək üçün ödənişsiz şou-proqramlar təşkil ediblər. 
Maraqlısı odur ki, bir çox özəl bağçalarda, məktəblərdə də bu bayram qeyd olunub. Bayramın mahiyyətini anlaya bilməyən körpələr cadugərlər, ölülər kimi bəzədilib, qorxu kinolarını xatırladan libaslar geyindirilib. Hətta bəzi tədbirlərin görüntülərindən görünür ki, balaca uşaqlar ətrafdakı bu görüntülərdən çəkinir və qorxurlar. Valideynlər və müəllimlər isə çalışırlar ki, bu xoşagəlməz mənzərəni körpəyə sevdirsinlər.
  Dövlət bağçaları bu ərəfələrdə uşaqların yaşına uyğun  “Payız bayramı” təşkil etdiyi halda özəl müəssisələrin cadılara marağı haradan qaynaqlanır? 
  Hansı ki, mütəxəssislərə görə, "Helloen" şənliyi zamanı özümüz fərqində olmadan uşaqları əyləndirmək xətrinə onlara şiddəti və zorakılığı təbliğ etmiş oluruq.
Psixoloqlar bizim üçün yad olan bu bayramın uşaq bağçalarında təşkil edilməsinin azyaşlılara ciddi psixoloji təsir etdiyini söyləyirlər. 
  Psixoloq Sənubər Yusubovanın sözlərinə görə, bu bayramın təşkili hər nə qədər ölkədə qınanılsa da  hər il Azərbaycanda "Helloen" bayramını qeyd edənlərin sayı çoxalır: "Sadəcə uşaq bağçalarında, uşaq əyləncə mərkəzlərində deyil, valideynlər evlərində də uşaqları ilə birlikdə bu bayramı qeyd edir. 
  Halbuki, bu  bayramın bizimlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Biz həmişə uşaqların şəxsiyyətinin formalaşdırılması zamanı onlara cəmiyyətə qarşı mehriban olmağı təlqin edirik, empatiya bacarığının inkişafına çalışırıq və s. "Helloen" isə  aqressiyanın normal qəbulu, çirkin görüntünün bir növ cəmiyyətə aşılanmasıdır. Bu baxımdan mən qəti şəkildə "Helloen" bayramının tərəfdarı deyiləm. Hər hansı bir adətin müsbət məramı yoxdursa, o bayramın keçirilməsinin əleyhinəyəm. Müsbət olmayan şeylərin mütləq mənfi nəticələri də var”. 
  Psixoloqun sözlərinə görə, uşaq bağçalarının məqsədi bu tədbirlə uşaqları əyləndirmək olsa da, bəzən özləri də bilmədən uşaqlara şiddət, qorxu aşılaya bilərlər. Ümumiyyətlə, qorxulu və zorakılığı təbliğ edən personajların canlandırılmasında diqqətli olmaq lazımdır. Bu zaman özümüz fərqində olmadan uşaqları əyləndirmək xətrinə onlara şiddəti və zorakılığı təbliğ etmiş olarıq. Çalışmaq lazımdır ki, uşaq bağçalarında daha çox müsbət qəhrəmanlar canlandırılsın. S.Yusubova bildirir ki, bu cür bayramlar təşkil olunmadan öncə onların cəmiyyətə, uşaqlara hansı mesajı ötürdüyünə diqqət etmək vacibdir: "Uşaqların gözünün qarşısında bu cür səhnələri canlandırmaq olmaz. Ümumiyyətlə şiddət, zorakılıq təbliğ edən səhnələrdən uşaqları uzaq tutmaq lazımdır. Çünki uşaq psixologiyası belə məqamlara qarşı çox həssas olur. Onların yaddaşında mənfi iz buraxır".