"Instagram" sosial şəbəkəsində problem yaranıb. İstifadəçilər uzun müddət öz profillərinə daxil ola bilməyib. Üstəlik, nasazlıq səbəbindən aktiv profillərdə məlumat paylaşmaq, axtarış etmək və ümumiyyətlə, şəbəkədən istifadə iflic hala düşüb.
İnstaqram təmsilçiləri “tvitter” hesabında paylaşım edərək mövcud problem haqqında xəbərdar olduqlarını təsdiqləyiblər. Məlumata əsasən sözügedən problem ilə daha çox "iPhone" istifadəçiləri qarşılaşıblar. Belə ki, onlar fotoservisin qeyri-stabil şəkildə çalışdığını və ondan istifadənin qeyri-mümkünlüyünü müşahidə ediblər. Bəzi istifadəçilərdə abunəçilərin ümumi sayı minlərlə nəfər aşağı düşüb. Məşhur şəxslərin hesabları və "Instagram"ın öz hesabı sutka ərzində bir neçə milyon abunəçi itirib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə müxtəlif regionlarda "Instagram" və "Facebook"un qeyri-stabil çalışması müşahidə edilmişdi.
"Sherg.az"a açıqlamasında milyardlarla istifadəçi olan platformanı idarə etməyin çətin bir proses olduğunu vurğulayan İKT eksperti Orxan Rzayevin sözlərinə görə, sosial şəbəkələrdə yaranan problemlər əsasən yeni funksiyaların tətbiqi zamanı baş verir: “Bütün sosial şəbəkələr arasında ciddi rəqabət var. Şirkətlər istifadəçini daim maraqda saxlamaq üçün bir çox funksiyalarında tez-tez yeniliklər edirlər. Bəzən bu funksiyalar üzərində edilən dəyişikliklər hansısa başqa modullarla, funksionallıqla konflikt yaradır ki, bu da texniki problemlərin yaranmasına gətirib çıxarır. İkincisi isə istifadəçi aktivliyindən yaranan “tıxacdır”. Müəyyən zamanlarda sosial şəbəkə istifadəçiləri daha çox aktiv olur. Məsələn, gün ərzində "Messenger"də ortalama 8-10 milyard mesaj yazılır. Bu zaman isə serverlərdə və ya hansısa parametrlərdə texniki problemlər yaranır. Diqqət yetirsəniz görərsiniz ki, bu, daha çox qlobal şəkildə baş verir. Bəzən isə bu problemlər regional xarakter də daşıyır. Yəni müəyyən ərazilərdə yerləşən serverlərdə yaranmış texniki nasazlıq bir neçə ölkələrdə və ya ölkədə istifadəçilərin sosial şəbəkəyə daxil olmalarına əngəl olur”.