Əmlak bölgüsündə tərəflər ortaq övladların maraqlarından çıxış etmir
“Ailə mübahisələrində mediasiyanın ciddi töhfəsini görə bilirik. İşlərin yarısında təbii ki, irəliləyişə nail olmaq çətin olur, amma boşanma işlərin yarısında tərəflərin bütün tələbləri olmasa da, bəzi tələbləri arasında razılıq əldə etmək olur”.
Bu sözləri hüquqşünas, Mediasiya Şurasının üzvü Fərhad Mehdiyev deyib.
Mediatorun sözlərinə görə, ən rahat razılığa gəlinən məsələlər boşanmaya razılıq, uşaqla ünsiyyət, cehiz məsələləridir; orta çətinliklə olan aliment məbləği, daha çətin olanlar isə əmlak bölgüsü məsələləridir:
“9 saylı təşkilatda baxılan ailə mübahisələrində ciddi sayda qismən razılaşmalar əldə edə bilirik. Daha çox razılaşmalar əldə etmək mümkündür, amma tərəflər arasında uçurum o qədər dərin olur ki, onlar uzlaşmaya getmirlər.
Təəssüf ki, əmlak bölgüsündə tərəflər ortaq övladların maraqlarından çıxış etmir; belə ki, evin satılması məsələsi olanda ev adətən bazar qiymətindən ucuza satılır, tərəflər pulu xərcləyir (yaxşı ehtimal ipotekaya ev alırlar) və uşağın maraqlarını pozurlar. Halbuki, əmlak bölgüsü məsələsində alimentin müəyyən məbləği qarşılığında evdən kişinin imtina etməsi (ağlabatan nisbətdə), uşaqların maraqları üçün daha uyğun addım kimi götürülə bilər. Başqa həll yolları da - məsələn, əmlakın uşağın adına keçirilməsi kimi - təbii ki, mümkündür”.
Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyətində ailə quranlara nikahı təsdiqləyən sənədlə bərabər, nikah müqaviləsi verilir. Nikah müqaviləsi ər-arvad arasında gələcək həyatlarında zəruri bildikləri müəyyən məsələlər barədə əldə olunan razılaşmanın notariusda təsdiq etdirilməklə rəsmiləşdirilməsidir.