Haqqımızı dünyaya yaymalıyıq

Beynəlxalq platforma bizim üçün ən vacib prioritetdir

QHT-lərin xarici donorlarla əlaqələr qurmasına geniş imkan yaradılmalıdır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu


  İnkişaf etmiş ölkələrdə sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə mühüm önəm verilir. Belə təcrübə Azərbaycanda da uğurla tətbiq olunur. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti sosial sferanın innovasiyalı inkişafına, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə, cəmiyyətin sosial müdafiə sahəsində potensialının inkişafına, güclənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

  Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü və müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə münasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar və birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf və yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq və siyasi münasibətlərdir.

  Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.
  Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının paralel fəaliyyəti təmin edilib. Əksər dövlət orqanları yanında ictimai şuraların formalaşdırılması və bu şuraların ictimaiyyəti narahat edən məsələlərlə bağlı qərarların qəbulunda söz sahibi olması, şura üzvlərinin fikirləri, təklif və rəylərinin nəzərə alınması bunu deməyə əsas verir.

  Bu baxımdan noyabrın 1-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən  “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusundakı müzakirələr xüsusi əhəmiyyət daşıyır. 
  Görüşdə komitə üzvləri olan millət vəkilləri dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq, milli maraqların qorunmasında vətəndaş cəmiyyəti nümayəndələrinin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər. 
  Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Qeyri-Hökumət Təşkilatları (QHT) müəyyən qanunvericilik aktları və layihələrin hazırlanmasında iştirak edə bilər. Onun sözlərinə görə, QHT-lər Azərbaycanda ictimai əxlaqın formalaşmasında böyük funksiya daşıyan qurumlardan biridir: "Bu baxımdan ölkədə vətəndaş cəmiyyəti institutlarının işinə böyük ehtiyac var. Hesab edirəm ki, QHT-lərin qanunvericilikdəki fəaliyyəti iki yolla reallaşdırıla bilər. Bunlardan biri onların müəyyən qanunvericilik aktları, digəri isə layihələrin müştərək hazırlanmasına cəlbi ola bilər. QHT-lər qanunların necə işləməsinə nəzarət edilməsi istiqamətində də bir sıra vacib işlər görə bilər. Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Dəmir yumruq” olmağımızın əhəmiyyəti vardı. Çünki bu gün müharibə daha da gərgin olmaqla siyasi və diplomatik müstəvidə cərəyan edir. Azərbaycanın Ermənistan üzərində qələbəsini istəməyən, hətta bunu özləri üçün faciə sayanlar da var. Bu baxımdan QHT-lər daim səylərini birləşdirməli və sıx şəkildə əməkdaşıq etməlidirlər. QHT-lər Azərbaycanın milli maraqlarının qorunması üçün birliyi bundan sonra da davam etdirməlidirlər. Çünki bunun gücünü Vətən müharibəsi ərəfəsində müşahidə etdik".
  Parlamentlə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı zəruri edən amillərə diqqət çəkən "Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə “Şərq”ə açıqlamasında “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusundakı müzakirələrin kifayət qədər əhəmiyyətli  dinlənmə olduğunu deyib: 

“Parlament qanunverici orqandır. Bir çox qanunlarımızda isə müəyyən boşluqlar var. Həmin boşluqların aradan qaldırılmasında, mövcud problemlərin həll yollarının tapılmasında  vətəndaş cəmiyyətləri öz töhfələrini verə bilərlər. 
  Hesab edirəm ki, bu cür dinləmələr mütəmadi olaraq müxtəlif dövlət orqanları ilə QHT nümayəndələri arasında keçirilməlidir.

  Vətəndaş cəmiyyətləri daim əhali ilə ünsiyyətdədir və onların problemlərini daha yaxşı bilirlər. Bəzi problemlər qanunlarımızdakı boşluqlardan irəli gəlir və biz onların həllində insanlara köməklik edə bilmirik.   QHT-lərin parlamentlə əməkdaşlığı fonunda isə aşkarlanan problemlərin Milli Məclisdə müzakirəyə çıxarılması, lazım gəlsə mövcud qanunvericilikdə əhalinin xeyrinə müəyyən düzəlişlərin edilməsinə nail olmaq olar”. 

  QHT sədrinin sözlərinə görə, parlamentdə keçirilən dinləmələrdə əsas müzakirə mövzusu xarici donorlarla bağlı məsələ oldu:

 "Beynəlxalq donorların yerli QHT-lərə dəstəyi dayandırılıb. Nəticədə anti-Azərbaycan siyasəti yeridən, dövlətçiliyimizə qarşı çıxış edən QHT-lərin fəaliyyəti genişlənib. Çünki bu təşkilatlar xarici donorlardan yüklü maliyyə dəstəyi alaraq ölkədə daxili sabitliyi pozmaqla məşğul olurlar. Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsində məhdudiyyət olduğu üçün xaricdə tədbirlərə qatılması da mümkün olmur. Düşünürük ki, xarici donorlarla işləmək, onların imkanlarından Azərbaycanın maraqları üçün istifadə etmək lazımdır. 
  Vətəndaş cəmiyyətinin inkişafını, ictimai nəzarət institutlarının səmərəli fəaliyyət göstərməsini istəyiriksə, beynəlxalq donor təşkilatlarıyla əməkdaşlıq edilməlidir. Bunsuz vətəndaş cəmiyyətinin sürətli inkişafı mümkün olmayacaq. Düzdür, hazırda milli donorlar var, QHT-lərə Dövlət Dəstəyi Agentliyi fəaliyyət göstərir. Lakin bu, ümumilikdə vətəndaş cəmiyyətinin ehtiyaclarının ödənməsi üçün kifayət deyil. Hazırda Azərbaycan dövləti özünün ən yüksək siyasi stabillik, strukturlaşma dövrünü yaşayır. Azərbaycan dövləti artıq oturuşmuş, möhkəm dayaqlara malik, həm də qalib bir dövlət kimi hər hansı xarici müdaxiləyə, təhdidlərə qarşı dayanmaq gücündədir. 

  Bunu nəzərə alaraq hesab edirəm ki, beynəlxalq fondlarla əməkdaşlıq məsələsinə yenidən baxılmalıdır. Bu həm vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini aktivləşdirər, həm də beynəlxalq arenaya yeni, daha geniş çıxış imkanları əldə edilər. Hesab edirəm ki, QHT-lərin xarici donorlarla əlaqələr qurmasına imkan yaradılmalı, QHT-lərin beynəlxalq platformalarda iştirakı təmin edilməlidir. 

  Bu, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə, sülh prosesinə töhfə verər. Vətən müharibəsində dövlətə, xalqa bağlılığını sübut etmiş vətəndaş cəmiyyəti təmsilçilərinin, məncə, buna haqqı çatır”.