Sərnişindaşımada ciddi qiymət artımına şahid olacağıq
Azərbaycanda 2023-cü il ərzində orta aylıq pensiya məbləği 52,6 manat və ya 14,2 faiz artaraq 422 manat olacağı proqnozlaşdırılır.
Əmək haqlarının, pensiyaların artırılmasının bazardakı bahalaşmaya adekvat olmadığını vurğulayan ekspertlərə görə, hökumətin pensiya artımı siyasəti heç də ölkədəki inflyasiya qarşısında aztəminatlı insanları qorumağa kifayət etmir. Mütəxəssislər hesab edir ki, hökumətin pensiyaları orta əmək haqqının artım faizinə görə indeksləşdirməsi düzgün yanaşma deyil.
Bu üsul qiymət artımı qarşılığında heç də əhalinin gəlirlərini əhəmiyyətli dərəcədə yüksəltmir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də hesab edir ki, əslində bu, artım deyil, əhaliyə verilən kompensasiyadır. İnflyasiyadan danışılır, bunun səbəblərindən də danışmaq lazımdır. Bunu yaradan amillər sırasında monopoliya var, amma adı çəkilmir. Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur.
İqtisadçı-ekspert Asif İbrahimovun “Şərq”ə açıqlamasına görə, ilin əvvəlindən bu yana bir çox xidmət sahələri və ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilir: “Bəzi sahələrdə inflyasiya cütrəqəmlidir. Dənli bitkilər, şəkər çuğunduru, yağ məhsullarının qiyməti iki dəfədən çox bahalaşıb. Bu da daxili və xarici faktorlardan qaynaqlanır. Qiymət əmələgəlmə prosesi məhsulun ərsəyə gəlməsində çəkilən xərclər hesabına olur. Sahibkarın mənfəəti də nəzərdə tutulur. Azərbaycanda hazırda bir çox məhsulların tədarükü idxaldan asılıdır. İstər yağ, istər şəkər çuğunduru, istərsə də dənli bitkilər xaricdən gətirilir. Azərbaycanda bu sahədə müəyyən sıxıntılar mövcuddur. Pandemiyanın yaratdığı fəsadlar, daşınma, logistika, əlavə rüsumlar məhsulların qiymətinin artmasına səbəb olur.
Sərnişindaşıma sahəsində hələlik qiymət artımı müşahidə edilməsə də, gizli inflyasiya gedir. Bu isə çox təhlükəli haldır: birdən-birə fakt qarşısında qalırsan.
Yanacaq artıb, ehtiyat hissələrinin qiyməti bahalaşıb. Çox güman ki, sərnişindaşımada ciddi qiymət artımına şahid olacağıq”.
Ölkədə inflyasiya prosesinin indeksasiyası aparıldığını, müvafiq şəkildə pensiyaların və maaşların artırılmasının təmin edildiyini vurğulayan ekspert deyib ki, əsas məsələ onun reallığı əks etdirməsidir: "Artım real xərcləri əhatə edə biləcək qədər olmalıdır. İndiki halda isə 14,2 faizlik artım bazar qiymətləri ilə adekvat deyil. Hesab edirəm ki, bu sahədə əlavə tədbirlərin görülməsinə ehtiyac var".