Yod orqanizmi nüvə radiasiyasından qorumur


"Professorun sözlərinə görə, ekstremal durumlarda insanların şayiə və qeybət mədəniyyətinin dalınca düşməsi təəssüf doğurur"
  Azərbaycanda yodun qiyməti kəskin artıb. Bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb. Əvvəllər 0.40 qəpiyə satılan yod hazırda apteklərdə 1,20 manatadır. Məlumat üçün bildirək ki, Taarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.
  Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib. Taarif Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.
  Yodun bahalaşmasını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin “Şərq”ə açıqlamasında dünyada yodla bağlı ajiotajın bir neçə aydır davam etdiyini deyib. Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, analoji proses bir çox Avropa ölkələrində də müzakirə edilir. Bunun da səbəbi Rusiya rəsmilərinin zərurət yaranarsa Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyi barədə bəyanatlarıdır:
“Putinin Ukrayna üzərindən qərb ölkələrinə hədəsi bir çox ölkələr kimi Azərbaycan vətəndaşlarında da ciddi narahatlıq yaradıb. Xatırlayırsınızsa, bir müddət əvvəl də apteklərdə yod tapmaq mümkünsüz idi. Rusiyanın nüvə silahından istifadə etməsi və ya nüvə reaktorlarının dağılması fonunda yodun atmosferə yayılan radiasiya ilə mübarizədə insanlara bu və ya digər formada kömək olacağı ehtimal olunur.
  İnsanların təşvişə düşməsinin fərqinə varan “işbaz”lar yodun radioaktiv şüalanmaya qarşı qoruyucu funksiya daşıması mövzusu ətrafında spekulyasiyalara başladılar. Nəticədə insanlar kütləvi şəkildə apteklərdə yod axtarışına çıxdı. Yod istehsalçıları və satışını təşkil edən firmalar piştaxtalardan yodları yığışdırıb bahalaşması üçün “zəmin” yaratdılar. Yəni biz apteklərdə “filan dərman tapılmır” müzakirələrindən bir neçə həftə sonra həmin dərmanın 2-3 qat baha qiymətə piştaxtalarda “peyda” olması faktı ilə ilk dəfə rastlaşmırıq. Dərman bazarında mütəmadi olaraq bu variantdan istifadə olunur”.
  N.Cəfərli deyib ki, Taarif Şurasının dərman preparatlarının qiymətini tənzimləməsi prosesi kökündən yanlışdır və bu proses Azərbaycanda çox böyük fəsadlara səbəb olub: “Bir neçə ildir molekullar üzrə qiymətlərin tənzimlənməsi praktikasını icra edən Taarif Şurası yeritdiyi bu siyasətlə ölkəyə keyfiyyətsiz dərman preparatlarının gətirilməsinə nail oldu. Qiymətlər yalnız molekullar və həcmə görə tənzimlənir. Yəni bu gün ölkəmizə idxal edilən preparatlar dərman istehsalında öndə olmayan ölkələrin eyni molekulda istehal etdiyi dərmanlardır. Apteklərdə satılan dərman insanların müayinə və müalicəsində effektiv nəticə vermir. Əksər insanlar dərmanları xaricdən gətirdir.
  Hesab edirəm ki, hökumət bazar iqtisadiyyatının genişlənməsinə və xarici dərman şirkətlərinin ölkəyə girişinə şərait yaratmalıdır.
  Azərbaycan hökuməti məsələlərə yenidən baxmalı və rəqabət mühitini genişləndirməlidir”.
  Professor, tibb eksperti Adil Qeybulla isə deyib ki, yod orqanizmi nüvə radiasiyasından qorumaq üçün effektli deyil. Professorun sözlərinə görə, ekstremal durumlarda insanların şayiə və qeybət mədəniyyətinin dalınca düşməsi təəssüf doğurur: “Bu kimi hadisələrin qarşısını almaq üçün maarifləndirməyə ehtiyac var. Xatırladım ki, pandemiya təcrübəsində də analoji vəziyyətlə qarşılaşdıq. Onda da bəzi dərman preperatlarının kütləvi alışı baş verdi, əvvəl apteklərdə dərman çatışmazlığı yarandı. Sonradan isə həmin dərmanları apteklər bir neçə dəfə baha qiymətə satmağa başladılar. İndi də yodla bağlı analoji senari davam edir. Bir müddət əvvəl yod tapılmırdı, indi də 3 dəfə baha qiymətə satılır.
  Heç bir anlayışı olmayan insanlar şayiələrin arxasınca sürünərək, apteklərdən külli miqdarda yod alırlar. Düşünürlər ki, Rusiya taktiki nüvə silahını istifadə edərsə, onun bura gəlib çata biləcək zərərlərindən qorunmaq üçün yoddan istifadə vacibdir. Halbuki yodun radioprotektiv təsiri yetərli deyil. Yod özlüyündə radioprotektiv – yəni şüa əleyhinə maddə deyil. Bunun üçün “Amifostine”, “Palifermin”, “İndralin”, “Betaleykin” kimi preparatlar var ki, onlar bu gün müasir radioprotektiv müalicədə istifadə edilir”.
  A.Qeybulla deyib ki, əgər nüvə silahı istifadə edilərsə, ölkələr dərhal mülki-müdafiə sisteminə keçir: “Bütün zirzəmilər, xüsusi gizlənmə yerləri hazırlanır, əhaliyə xəbərdarlıq olunur. Xəbərdarlıqdan sonra insanlar məlumatlandırılır və təbii ki, əhalinin sağlamlığını qorumaq məqsədilə onlar sadaladığım radioprotektiv dərmanlarla təmin edilirlər. Yəni bu, ancaq dövlətin səlahiyyətində və imkanında olan tədbirlərdir. Bu məsələdə vətəndaşların hər hansı bir ehtiyat görməsinin heç bir mənası, əhəmiyyəti yoxdur".