Erkən NİKAH! - Kimdir günahkar? 


Rayonlarda erkən nikahların qarşısını almaq mümkün olmayıb
  “Daha bir toyun qarşısı alındı”. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, Göyçay rayonu Çərəkə kəndində 14 yaşlı qızın sabah olacaq toyu ilə bağlı "Facebook" üzərindən Göyçay Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciət əsasında icra hakimiyyəti müvafiq komissiyası və Göyçay Polis şöbəsinin əməkdaşları tərəfindən erkən nikah faktı araşdırılıb və fakt təsdiqini tapıb: “Hazırda ailə polis şöbəsinə dəvət edilib, onlarla profilaktik söhbətlər aparılır. Yenə cahil ailə buna toy yox, nişan adı qoyub, lakin bu, doğru deyil. Bu toy idi, sabah qızı evləndirib Ağsuya göndərəcəkdilər. Hansı maşında aparılacaqdı, onu da bilirdim. Əsas məqsədimiz bu izdivacın dayandırılması, evlilik yaş həddinə qədər bunun cinayət olmasını bir daha diqqətə çatdırmaqdır. 18 yaşdan sonra Allah bəxtini versin,xoşbəxt olsun!!!”.
  Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu azyaşlı qızların ərə verilməsi poblemi ilə bağlı humanitar siyasəti dəyişməyin zamanı gəldiyini deyib.
Bu mövzuda dəfələrlə müzakirələr aparılıb, maarifləndirmə, təbliğat işləri görülməsinə rəğmən bütün bunların bir nəticə vermədiyini vurğulayan N.Cəfəroğlu hesab edir ki, bu işlər lazım olan səviyyədə görülmür, lazım olan işlər aparılmır: “Problemin kökündə təkcə iqtisadi faktor dayanmır. İllərdir ki, bu problemlə mübarizə aparırıq. Əlbəttə ki, məsələ ilə bağlı qanun var, lakin həmin qanunlar yetərincə işlədilmir. Bütün bunlar qanun, bələdiyyə, polisin gözü qarşısında baş verir. Daha bir məsələ, cəmiyyətin biganəliyidir. Erkən nikahların baş verdiyi yerdə camaat, əhali buna hazırlanmalıdır, polislərlə, bələdiyyələrlə, eyni zamanda ata-analarla, məktəblərlə ayrıca işlər aparılmalıdır. Bütün bunlar kompleks şəkildə təşkil olunmalıdır. Bu gün icra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var. Amma onların heç biri işləmir. Xatırlayıram ki, yerlərdə bu məsələ ilə bağlı işlər aparanda biz mollalarla da söhbətlər edirdik. Bildirirdik ki, hansısa yeniyetmə qıza din kəbini kəsilərsə, erkən nikaha cəlb olunarsa, bunun məsuliyyətini siz çəkəcəksiniz və sairə. Bu cür işlər görülməlidir. Bir sözlə, qanuna tabe olub, qanunu işlətmək lazımdır. Kənd məktəblərində monitorinqlər aparmışıq. Məlumatınız varmı ki, kənd məktəblərində qızlar neçənci sinifdən məktəbə getmir? 3-4-cü sinifdən. Valideynlər qızlarının 3-cü sinifdən sonra məktəbə getməsinə icazə vermir. Doğrudur, sovet dövrünü heç birimiz sevmir, onu təbliğ etmirik. Amma baxın, o dövrdə hansı valideynin hünəri var idi ki, qızının məktəbə getməsinə icazə verməsin. Buna Təhsil Nazirliyi diqqət etməlidir ki, necə olur ailələr qızlarını aşağı sinifdən məktəbdən təcrid edir, onların təhsil almaq hüququnu əlindən alır? Bütün bu problemlər ortalığa çıxmalıdır".