AZAL-da daha bir Birinci vitse-prezident təyin edilib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I vitse-prezidenti təyin edilib.
Oxu.Az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.
Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki Birinci vitse-prezident və dörd vitse-prezidentdən ibarətdir.
İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərdən ibarət olub.