İstanbuldakı Şəhid Mübariz İbrahimov adına məktəbin kollektivi Mehmet Akif Ərsoy adına Mədəniyyət Mərkəzində 8 Noyabr Zəfər Bayramını qeyd etdi. Turan coğrafiyasının bir parçası olan Türkiyədə Azərbaycanın Zəfər Bayramını qeyd etmək çox anlamlıdır – iki bayraq altında toplaşan Türklər eyni sevinci bir-birləriylə paylaşdılar. Tədbiri M.Arazın “Azərbaycan” şeirinin misraları ilə açan məktəbin direktoru, yazıçı Aygün Həsənoğlu Qarabağ savaşında canlarını Vətən uğrunda qurban verən Şəhidlərimizi bir dəqiqəlik sayqı duruşu ilə anmağı və ardından da iki ölkənin İstiqlal marşlarının oxunmasını elan etdi. Çıxışına davam edən Aygün xanım Qarabağ savaşanın xalqımıza yaşatdığı acıları, qəhrəman Şəhidlərimizin timsalında, onların yaşadıqlarını və göstərdikləri şücaətləri nümunələrlə anlatdı. O, bu günün qürurunu bizə yaşadan, torpağı bizə Vətən qılan Şəhidlərimizə, Qazilərimizə, Şanlı Azərbaycan Ordusuna minnət duyğularını ifadə etdi və Ali Baş Komandanın bu istiqamətdə atdiği addımları və yorulmaz fəaliyyətini yüksək dəyərləndirdi.
Tədbirdə iştirak edən “İslahtalara Dəstək İctimai Birliyi”nin sədri Elçin Axundzadə, “Osmanlı Turan Təşkilatları” başqanı Şahin Çelik və digərləri öz çıxışlarında Türkiyə Azərbaycan qardaşlığından, bir millət, iki dövlət şüarının yansımasından, həm acı, kədərli, həm də sevincli günlərdə bir-birimizin yanında olmanın önəmindən və nəticələrindən bəhs etdilər.
Bədii hissədə M.İbrahimov adına məktəbin 6-cı sinif şagirdləri Hüseyin, Nicat, Aysu, Nurgül, Nəzrin, Əmir şairlərimizin şeirlərini böyük ruh yüksəkliyi və Vətən eşqi ilə səsləndirdilər, 8,9-cu sinif şagirdləri Turanə, Fariz, Leyla, Elman, Sinan, Elsevər, Elməddin, Rəsul, Sultan isə milli musiqilərimiz və “Yaşa Azərbaycan” mahnısının sədaları altında rəqs etdilər. Sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacıbəyova aid “Çırpınırdı Qara dəniz” isə bütün salondakıları coşdurdu.
Tədbirin sonunda Azərbaycan Bayrağının rənglərində bəzədilmiş, üzərində “Zəfər Bayramımız mübarək!” yazılan tort kəsildi.
Sənə ancaq qələbə yaraşır, Zəfərin mübarək olsun Azərbaycan!
Yaqut Misirxanlı
İstanbuldan xüsusi olaraq “Şərq” qəzeti üçün