2020-ci il iyulunda baş verən Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günündə atası ilə bağlı duyğulandıran paylaşım edib.
Oxu.Az xəbər verir ki, Elvin Mirzəyev 8 Noyabrın İlqar Mirzəyev kimi Vətən övladlarının günü olduğunu vurğulayıb:
“Canım, gözüm, fəxrim atam. Ata, sən mənim, Azərbaycanın qəhrəmanı, qürur mənbəyisən. Ata, sənin üçün çox darıxmışıq, səni görmək, səninlə söhbət etmək üçün nələrimi verərdim, bir bilsən! Amma bu gün həm kədərli, həm qürurluyam. Çünki bu gün sənin və sənin kimi bu zəfər yolunda canından, qanından keçmiş şərəfli Vətən övladlarının günüdür. Atam, sən bizdən heç vaxt narahat olma, sənin övladların görmək istədiyin yerdədirlər. Bizim borcumuz sənin adını uca tutmaqdır, daim uca tutacağıq. Atam, bu gün Fəxri xiyabanda ziyarətinə gəlmişdik, hiss etdinmi, gördünmü bizi? Azərbaycan xalqı orada idi, əminəm ki, qürurlandın, fəxr etdin. Çünki sən əminsən ki, sən əbəs yerə can verməmisən. Çünki bu xalq səni unutmadı, unutmayacaq və unutmağa qoymayacaq.
Azaddır torpaqlarımız, azaddır həsrətində olduğun Şuşa. Artıq yerli sakinlər ora əmin-amanlıqla gedir və gedəcək. Bunu siz bacardınız, öz qanınız və canınızla. Haqq uğrunda savaşdın, yorulmadın, bezmədin, üzündə hər zaman Vətən gülüşü vardı. Son tapşırığını şərəfli, peşəkar zabit kimi fəxrlə yerinə yetirərək şəhid oldun.
Zəfəriniz mübarək olsun, əziz şəhidlər! Zəfəriniz mübarək olsun, əziz həmvətənlərim! Zəfərin mübarək olsun, Azərbaycan! Zəfərin mübarək olsun, Atam!”