Bəzi xəstəxanaların tibbi avadanlıqları tükənib

Əhliman Əmiraslanov onkoloji xəstəliklərin sığorta üzrə xidmətlər zərfinə daxil edilməsini təklif edib

  Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında çıxış edən deputat Razi Nurullayev qızların təhsil haqqının dövlət tərəfindən ödənilməsini təklif edib. Millət vəkili bildirib ki, illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsil haqqı da dövlət tərəfindən ödənilməlidir: "Bu, çox vacibdir. Digər tərəfdən, rayonlarda hazırda istirahət etmək üçün yer restoran, kafedir. Biz bu gün kitabxanaları mədəniyyət mərkəzinə çevirməliyik. Hər rayonda kitabxanalara ayrılan vəsaitin azaldılması yox, artırılması lazımdır. Həmçinin, büdcədən onkoloji xəstəliklərə ayrılan 47 milyon vəsait çox azdır. Deputat təklif edib ki, icbari tibbi sığortaya 40-50 milyon vəsait ehtiyat kimi ayrılsın: “Elə ailələr var ki, onkoloji xəstəliyə görə ölüm-dirim mübarizəsi aparır. Ayrılan ehtiyat vəsait onların müalicəsinə xərclənsin”.



  Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, icbari tibbi sığortanın tətbiqi sahəsində əhalinin məmnunluğu günbəgün artır, amma bu sahədə çatışmazlıqlar var. Komitə sədri bildirib ki, xəstəxanaların tibbi avadanlıqları tükənib: “Bizim bir neçə xəstəxanamızın tibbi avadanlıqlarının dayanmaq təhlükəsi ilə üz-üzə qalması problemini qaldırmışdım. Samir müəllim, sizə və Əli Əsədova təşəkkür edirəm. Artıq bu istiqamətdə addımlar atılır”. Komitə sədri icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib: “Zaur müəllim dedi ki, onkoloji xəstəlikləri icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon manat vəsait lazımdır. Onkoloji xəstəliklərin nə dərəcədə ağır olması barədə hamı bilir. Mən əminəm ki, bu, nəzərə alınacaq. Hörmətli maliyyə nazirindən bunu nəzərə almasını xahiş edirəm”.

Autizm xəstəliyinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib

  Əhliman Əmiraslanov deyib ki, autizm xəstəliyinin vəsait tutumu da çoxdur və icbari tibbi sığortadan kənarda qalıb: "Təklif edirəm ki, bu xəstəliyin müalicəsi də icbari tibbi sığorta ilə əhatə olunsun. 16 dövlət proqramı var: “Buna vəsait ayrılır. Amma bu vəsait bəs eləmir. Dövlət proqramları da icbari tibbi sığorta ilə hökmən əhatə olunmalıdır”.

"Regionlarda iqtisadi inkişafın tempi artacaq"

  Deputat Rüfət Quliyev vergi tətilinin 3 illik olmasını təklif edib: "Regionlarda ən böyük problem nə şəhid ailələrinin, nə qazi, nə də veteranlar ilə bağlı aparılan sosial siyasətdir. Problem işsizliklə bağlıdır. “Burada yeganə çıxış yolu orada mikro, kiçik və orta sahibkarlığın inkişafıdır. Ya da sahibkarlıqla bağlı mövcud şəraiti də münbit etmək lazımdır. Təklif edirəm ki, infrastruktur xərcləri azaldılsın. 3 illik vergi güzəştləri tətbiq olunsun. Onlar rahat işlərini görsün, rahat fəaliyyət göstərsinlər. Söhbət istehsal və təkrar istehsaldan gedir. Digər məsələ vergilərlə bağlıdır. Vergilər ilə bağlı hansı köməklik etmək olarsa, onları etmək lazımdır. Elə kəndlər var ki, orada yeni müəssisələrdə istehsal və ya təkrar istehsalı ilə bağlı müəyyən güzəştlər olunsun. Düşünürəm ki, bununla da regionlarda iqtisadi inkişafın tempi artacaq”.

"Azərbaycanda yüksək keyfiyyətə malik laboratoriyalar olmalıdır"

  Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tələbələrin elmi tədqiqatlara cəlbi üçün vəsait ayrılmasını təklif edib. Bildirib ki, davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanmalıdır: "Davamlı inkişaf üzrə fəaliyyət planını isə biz hələ də hazırlayıb hökumətə təqdim edə bilməmişik. Burada əsas problem maliyyədir. Digər məsələ isə elmlə bağlıdır. Strategiyada elm və təhsilin inteqrasiyası nəzərdə tutulur, amma tələbələrin ilk gündən elmi tədqiqatlara cəlb edilməsi üçün vəsaitlərin ayrılması məsələsi hələ də açıq şəkildə qalmaqdadır. Azərbaycan xaricdə doktorantların hazırlanması üçün külli miqdarda vəsait ayırır. Amma Azərbaycanda bu istiqamətə nə qədər vəsait ayırırıq? Azərbaycanda yüksək keyfiyyətə malik laboratoriyalar olmalıdır. Bunun üçün büdcədə müəyyən məqamlar göstərilməlidir. Pul ayrılır, xərclənir. Amma Hesablama Palatası araşdırmalar nəticəsində müəyyən edir ki, bu vəsaitlər təyinatı üzrə xərclənməyib. Dövlət proqramlarının nəticələri hər il büdcədə qiymətləndirilməlidir. Çünki növbəti dövlət proqramları əvvəlkinin üzərində qurulur. Dövlət proqramları qarşıya oyulan nəticəyə çatmırsa, növbəti dövlət proqramından da nəticə gözləmək olmaz. Ona görə də büdcədə bunlar nəzərə alınmalıdır”.

"Tibb Universitetinin problemlərinə diqqət yetirilməlidir"

  Deputat Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Tibb Universitetinin çox ciddi problemləri var. Parlamentin Səhiyyə komitəsinin üzvü bildirib ki, 2017-ci ildən Tibb Universitetinə ayrılan vəsaitlərin bir hissəsi dayandırılıb və bunun səbəbi açıqlanmayıb: “İkincisi, vergi ilə bağlı problemi var. Bu gün özəl klinikalarda, özəl tibb müəssisələrində 8 000-dən yuxarı maaş alanda vergi tutulursa, Universitetdə çalışanlar üçün bu qədər ağır verginin tətbiq olunması Tibb Universitetini çox ağır vəziyyətə gətirib. Koronavirus pandemiyası dövründə Tibb Universitetinin korpusları bütövlükdə koronavirus xəstələrinə, ondan sonra Vətən müharibəsində yaralananlara öz qapısını açdı, bütün bunları öz vəsaiti hesabına edib. Samir müəllimdən xahiş edirəm ki, Tibb Universitetinin problemlərinə diqqət yetirəsiniz. Universitetin müəllim və həkim heyəti artıq özəl klinikalara üz tutur və bu da gələcəkdə ixtisaslı kadrların yetişdirilməsində böyük problemə səbəb olacaq”.

"İran radiolara müdaxilələr edir"

  Deputat Məzahir Əfəndiyev bildirib ki, radiolara müdaxilələr olur. Xüsusilə cənub zonasında İran radiotezlikərə müdaxilə edir. Onun sözlərinə görə, bu, dinləyicilərdə çaşqınlıq yaradır. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov isə bildirib ki, bunun səbəbi radioproqramlarla bağlıdır: “Radioproqramların sayı nə qədər çox olarsa, müdaxilələr azalar”. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Heydər Rüstəmov isə bildirib ki, radiotezliklərə müdaxilə qəbulolunmazdır: “Heç bir ölkə digər ölkə ərazisindəki yayıma müdaxilə edə bilməz. Biz bunu xüsusilə cənub zonasında hiss edirik. Düzdür, bəzən belə hallar iqlim ilə bağlı olur.

  Məsələn, Gürcüstanda bizim, bizim isə Gürcüstanla sərhəddə tezliklərin qarışması olur. Rusiya ilə isə belə hallar demək olar ki, olmur”.