Yasamalda bəzi həyət evləri və qəzalı binalar söküləcək

Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır

Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər


  Bakıda növbəti köçürülmə prosesinə başlanılacaq. Yasamal rayonunda Alatava, "İnşaatçılar" metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evləri, qəzalı beşmərtəbəli binalar sökülərək yeni binalar tikiləcək.
  Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov bildirib ki, sakinlərin köçürülməsi istiqamətində iş adamları ilə danışıqlar aparılacaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr, sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaqlar və yaxud da sakinlərə kompensasiya ödəniləcək.
  Hazırda Bakı şəhərinin baş planının hazırlandığını vurğulayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə bildirib ki, planda müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi var. E.Həsənovun sözlərinə görə, proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq: “2014-2019-cü illərdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" məhəlləsindən 6 mindən çox ailə köçürülüb. Elşad Həsənov bildirib ki, birinci və ikinci mərhələdə köçürülən ailələrə müvafiq qaydada kompensasiyaların ödənilməsi təmin edilib. 2019-cu ildən "Sovetski"dən ailələrin köçürülmə prosesi müəyyən səbəblərə görə dayandırılıb. Həmin ərazidə tikilmiş Mərkəzi parkda isə tikinti işləri davam etdirilir və yaxın vaxtlarda növbəti hissəsinin açılışı gözlənilir. "Sovetski" məhəlləsində köçürülmə işlərinin üçüncü mərhələsinə gəlincə, icra başçısı qeyd edib ki, bir sıra məsələlər araşdırıldıqdan sonra növbəti mərhələyə başlanılacaq.
  "Üçüncü mərhələdə ailələrə veriləcək kompensasiya isə bazar qiymətlərinə uyğun olaraq müəyyən ediləcək və bu ailələrlə razılaşdırılacaq". 

  Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu gün tikinti normativləri tikinti şirkətlərinin əvvəlki kimi böyük həcmli binalar tikə bilməyəcəyini göstərir: 

“Əvvəllər yeni binaların tikilməsinə yerli rayon icra hakimiyyətləri baxırdı, lakin 2018-ci ildən etibarən bu səlahiyyət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. İndiki məqamda istismar müddəti bitmiş binalar mütləq şəkildə sökülməlidir. Çünki zəlzələ və yaxud qəza baş verərsə, həmin binaların uçma təhlükəsi böyükdür.  Binaların qəzalı olmasına təsir edən amillərə onların uzun müddət baxımsız qalması və yol kənarında yerləşən binaların hər birinin birinci mərtəbəsinin sökülərək, qeyri-yaşayış obyektinə çevrilməsidir. Həmçinin də Yasamalda sözügedən  ərazilərdə yaşı çox olan həyət evləri var ki, həm istismar müddətini bitirib, həm də şəhərin ümumi xarici estetik görünüşünə xələl gətirir. Bunların sökülərək əvəzinə hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub.
  Amma qəzalı binalarda yaşayan sakinlərin əksəriyyəti zəmanət verilmədiyi üçün mənzillərindən çıxmaq istəmirlər. Düşünürlər ki, adi MMC, tikinti şirkəti birdən tikə bilməz, yarımçıq qoyar və ya fors-major hadisə baş verər. Bu baxımdan mütləq şəkildə aidiyyəti orqanlar bu proseslərdə fəal iştirak etməlidirlər ki, qəzalı binaların sökülməsi və yenidən tikilməsi prosesi sürətlə davam etsin”.

  Ekspertin sözlərinə görə, köhnə binaların söküntüsü ilə bağlı tikinti şirkətləri aidiyyəti dövlət qurumlarından bütün sənədləri alırlar. Sənədlər toplanmasa, binanın qəzalı olması barədə FHN-in rəyi olmasa, tikintiyə icazə verilməsə, köhnə binanı söküb yenisini tikmək olmur. Şirkətlərin ən böyük səhvi odur ki, vətəndaşları o sənədlərlə tanış etmirlər: “Hesab edirəm ki, bina qəzalıdırsa və sökülüb yenisi tikilməlidirsə, onun qəzalı olması, binanın sərəncamı, layihəsi ilə bağlı bütün sənədlər toplanıbsa, aidiyyəti dövlət qurumları tərəfindən bu icazələr verilirsə, vətəndaşlarla tikinti şirkətləri deyil, həmin dövlət qurumlarının nümayəndələri danışıq aparmalıdır. 

Həmin nümayəndə vətəndaşa bildirməlidir ki, biz dövlət qurumu olaraq bu binanın sökülməsi ilə bağlı qərar vermişik və zəmanət veririk ki, bu bina filan tarixdə söküləcək, filan tarixdə yenisi sizə təhvil veriləcək. Vətəndaşları daha çox narahat edən bu zəmanətin olmamasıdır. Dövlət qurumu tərəfindən bu zəmanət verilsə, sakinlər də heç bir problem olmadan öz evlərini boşaldıb kirayə evlərə köçərlər. Çünki bu proses sakinlər üçün də faydalıdır. Belə ki, onlara yeni binadan və əvvəlkindən daha dəyərli və daha yaxşı təmirli mənzil veriləcək. Bu prosesdə müəyyən kriteriyalar qoyulmalıdır. Hansı mənzilin əvəzində konkret olaraq neçə kvadrat sahəli mənzilin veriləcəyi müəyyən edilməlidir”.