Sabir Rüstəmxanlı: "Ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır"
"Büdcədə dövlət proqramlarının nəticəyönümlülüyünə diqqət artırılmalıdır". Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Deputat bildirib ki, mədəniyyət sahəsində bir çox dövlət proqramlarının icrası bitib. Amma biz proqramlar bitdikdən sonra görürük ki, bəzi məsələlər öz həllini tapmayıb: "Mədəniyyətin bir çox sahələri var ki, o sahələrdə əməkhaqları çox aşağıdır, stimullaşdırıcı tədbirlər yoxdur. Ona görə bu sahələrə gedən adamların sayı azdır. Güzəştli ipotekadan yararlanan gənclər sırasına mədəniyyət sahəsinin bir sıra yerlərində çalışan gənclərin də daxil edilməsini təklif edirəm. Bir çox bölgələrimizdə tarix və mədəniyyət abidələrimizin restavrasiya və bərpası gecikir. Zaman itkisi onların bərpasında çox ciddi problemlər yaradır. Büdcədən buna vəsait ayrılması mümkün deyilsə, özəl şirkətlərin, iş adamlarının bu sahəyə cəlb edilməsi üçün addımlar atılsın”. Komitə sədri qeyd edib ki, aztəminatlı insanlarımız qida məhsullarının artımlarının diqqətdə saxlanmasını istəyirlər: “Dərman məhsullarının qiyməti çox yüksəkdir, uşaq bezləri və yeməklərinin qiymətlərinin aşağı salınması istiqamətində təkliflər səsləndirirlər. Onkoloji xəstəliklər, autizm, süni mayalanmanın da icbari tibbi sığorta ilə əhatə olunmasını təklif edirəm”.
Millət vəkili Sabir Rüstəmxanlı da deyib ki, mədəniyyət sahəsinə büdcədən ayrılan pul artırılmalıdır. Deputat bildirib ki, xalqlar təkcə vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur: “Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”. S.Rüstəmxanlı kənd təsərrüfatı sahəsində problemlərdən bəhs edib: “Subsidiya ildən-ilə artırılır. Amma bunların nəticəsi ortada yoxdur. Digər tərəfdən, rayonların idarələri birləşdirilir. Üç-dörd rayonun idarələri birləşdirilir. Dövlət bundan nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma qurumlar? İdarələr hərəsi bir diyarda. Onda bu rayonları da ləğv edək”. Deputat doğulan uşaqlara görə büdcədən vəsait verilməsini təklif edib: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir. Biz niyə vermirik, bəyəm bizim gücümüz yoxdur? Özləri deyir ailə planlaması edin, çoxuşaqlılığın qarşısı alınır. Doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.