DTX-nin ifşa əməliyyatı hələ indi başlayır

İranın bütün casusları gec-tez ələ keçəcək

"Üç-beş manat üçün Vətənə, dövlətə, millətə xəyanət niyyətinə düşənlər bunu qulaqlarında sırğa etsinlər"

  İranın Azərbaycandakı növbəti casus şəbəkəsi ifşa edilib və 5 nəfər həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb olunub. 

O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Z.Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib. Başqa bir araşdırma ilə müəyyən edilib ki, Elnur Rəsulov 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. E.Rəsulov qohumu Arif Rəsulov ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edib. O, neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib. Digər bir casus - Bəxtiyar Ağazadə İran xüsusi xidmət orqanının tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr barədə əldə etdiyi məlumatları toplayıb. Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən və hazırda İranda gizlənmiş Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev tərəfindən yaradılmış votsap qrupları da ifşa edilib. 

  DTX-nın ifşa etdiyi İran casusları ilə bağlı video-görüntülərdə diqqətçəkən məqamlardan biri şəbəkənin "B" planını tətbiq etməsinə dair detaldır. Qapalı votsap qruplarında aparılan söhbətlər zamanı şəbəkə üzvlərindən biri bildirib ki, “əsas hədəf əvvəl məxfilik yox, siyasi hakimiyyət idi, amma zaman iqtisa etdi ki, "B" planına keçək, bu, məxfilik siyasətidir”.

 İran şəbəkəsinin məxfilik siyasətinə tədricən keçidi 2015-ci il Nardaran hadisələrindən sonra müşahidə edilir. Məlum qruplaşma Gəncə hadisələrindən sonra “yer altına” çəkilib. İndi kiçik bir hissəsi ifşa olunsa da, böyük hissəsi hələ də “yer altında” gizlənməkdədir. 

  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə deyib ki, hazırda Azərbaycana qarşı ən çox təxribatla məşğul olan, hətta bu sahədə Ermənistanı belə geridə qoyan ölkə İrandır. Professor vurğulayıb ki, İranın Azərbaycana qarşı mövqeyi, qərəzli və qısqanc münasibəti hamımıza bəllidir. Müharibədən öncə də Tehran rejiminin ikiüzlü siyasəti, işğalçı ermənilərlə dostluğu açıq-aşkar idi. Zəfərdən sonra İran Azərbaycana qarşı daha genişmiqyaslı hücuma keçdi. 

Əslində, ölkəmizdə casus şəbəkəsinin və iranpərəstlərin varlığı da bilinirdi. DTX-nın casus şəbəkəsini üzə çıxarması və verilən rəsmi məlumatlar göstərir ki, təhlükəsizliyimizin keşiyində duranlar bütün çirkli oyunları, təxribatları zamanında faş edirlər. Heç kim və heç nə diqqətdən kənarda qalmır, bütün casuslar gec-tez ələ keçəcək və ən sərt formada cəzalandırılacaqlar. Agentlik həvəsində olanlar, üç-beş manat üçün Vətənə, dövlətə, millətə xəyanət niyyətinə düşənlər bunu qulaqlarında sırğa etsinlər. İranın Azərbaycanda güclü şəbəkəsi var və bunu etiraf etmək lazımdır. Cənub bölgəsində, Gəncəbasar və Bakıda İrana işləyən şəbəkə aktiv fəaliyyət göstərir. Son zamanlar Naxçıvana yönəlik də təxribatlara başlayıblar. 

  İranın əsas məqsədlərindən biri Ermənistan və işğal olunmuş ərazilərimiz üzərindən narkoticarəti əlində saxlamaqdır. Çünki narkotik maddələrin ticarətindən İran milyard dollarlar əldə edirdi. İran Azərbaycan daxilində fitnə-fəsad, qarışıqlıq törətmək üçün hər yola baş vurur.

Şübhə yox ki, fars rejimi öz çirkin planlarını həyata keçirmək üçün ölkəmizdəki bəzi siyasi partiyalardan, deputatlardan, qeyri-hökumət təşkilatlarından da istifadə etməyə çalışacaq. İranın xaricdəki anti-Azərbaycan qüvvələrlə, ölkəmizə qarşı qarayaxma kampaniyasında iştirak edən bloqerlərlə də əlbir olduğu ehtimal olunur". 

  C.Nuriyev vurğulayıb ki, İranın üzərinə daha güclü və genişmiqyaslı getmək lazımdır: 

"Hələ də Tehran rejimini müdafiə edənlər, yaxud həqiqətlərə susanlar var. Sadəcə bir neçə qəzet, sayt və televiziya ilə mübarizə effektli deyil. Cəmiyyət halında İranın həyata keçirdiyi siyasətə, planladığı təxribatlara qarşı mübarizə aparmalıyıq. Bu qədər deputatımız var, hansının İranda biznesi yoxdursa, heç olmasa onlar danışsın, susmasınlar. Axı nəyi gözləyirlər?! Dövlət başçısı öz mövqeyini qəti və aydın şəkildə ortaya qoyub. 

Əfsuslar olsun ki, ziyalılar, ictimaiyyət nümayəndələri İranla bağlı məsələdə yaxalarını kənara çəkirlər. İran dini təhsil ocaqlarının yetişdirdiyi "bozbaş mollalar"dan canımızı qurtarmalıyıq. Yas məclislərimizdə İran ləhcəsiylə danışanlara, açıq-aşkar fars-molla rejimini təbliğ edənlərə qətiyyən imkan verilməməlidir, onlar boykot olunmalıdır. 

İrandakı fars-molla rejimi ilə bağlı həqiqətləri cəmiyyətə düzgün çatdırmalıyıq. İrandakı rejimin sonudur, nə qədər çox çırpınsa, bir o qədər batacaq. İran viran olacaq və sonra Turan doğulacaq".