Əksər məscidlərdə İranın təsiri qalmaqdadır

Casus şəbəkəsinin tam təmizlənməsi uzun zaman alacaq

  "Dövlət Təhlükəsizlik Xidmətinin İran casus şəbəkəsinin ifşası ilə bağlı keçirdiyi əməliyyatları alqışlayıram. Bu əməliyyatlar davamlı və daha geniş olmalıdır. Çünki İranın ölkəmizdə kök salmış geniş təsir şəbəkəsi var". Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan deyib. Partiya təmsilçisi qeyd edib ki, casus şəbəkəsi qeyri-dini sektorda da mövcuddur: "Ocaq Nejad uzun müddət ölkəmizdə İran şəbəkəsini kurasiya edirdi.

Demək olar ki, əksər təşkilat, birlik, icmalarda İran təsirinə düşmüş adamlar var. İran casus şəbəkəsinin tam təmizlənməsi və təsirlərinin aradan qalxması uzun zaman tələb edəcək. Çünki İranın ali dini liderinə, oradakı siyasi müctəhidlərə təqlid edən on minlərlə şiə müsəlman var. Onların beyninin təmizlənməsi lazımdır. 100-200 casusu tutmaqla iş bitmir. Əksər məscidlərdə İran təsiri qalmaqdadır. Bu yaxınlarda şəhərdə bir məscidin axundunu işdən çıxarmışdılar, onun adamları toplaşıb etiraz edirdilər, dirənirdilər. Belə şeylər məhz İranın təhriki ilə baş verir. İrana işləyən casus şəbəkəsi zənnimcə həddən çoxdur. İrandan təhsil almış 10 nəfərdən bəlkə də hamısının İrana xidmət edən, onların maraqlarına işləyən adam olmasına şübhə yoxdur. Çünki orada din adı altında hamıya siyasi, ideoloji dərs verirlər. Ölkədə İrana xidmət edən, onların maraqlarını burada qoruyan, təbliğ edən kifayət qədər adam var".

  T.İrfan vurğulayıb ki, həbs edilən şəxslərdən biri Qumda ideoloji-siyasi təhsil alıb. İran xüsusi xidmət orqanlarının agenti olub. Sonra dəniz donanmasında kapitan işləyib: 

"Belə adamı həmin vəzifəyə kimlər gətirib? Niyə yoxlanmayıb? Məsələnin ən qorxulu tərəfi budur. İran əleyhinə bir kəlmə tənqidi fikir deyən kimi üstümüzə yüz adam düşür sosial şəbəkədə. Əksəriyyəti də öz məscidlərimizdəki axundların söhbətlərinə qulaq asanlardır. İran ölkəmizdə öz adamları vasitəsi ilə hər şeydən öncə məzhəb ixtilafını körükləyir. Orada oxuyan, şiə pərdəsi altında danışan ruhanilərin 90 faizi ancaq ixtilaflı mövzulara girir, sünni - şiə fərqi yaradır. Tarixi ziddiyyətləri şişirdir və bilavasitə İrana xidmət edirlər. Çünki İran Türkiyə ilə Azərbaycan arasında məzhəb ayrı-seçkiliyi yaratmaq amalı güdür. Dəfələrlə mənim özümü hədələyiblər, ölümlə təhdid ediblər. Rəhmətlik Ziya Bünyadovu, Rafiq Tağını da məhz bu şəbəkənin sayəsində qətl etdilər. Çox ciddi təhlükədir İran şəbəkəsi". 

  İlahiyyatçı qeyd edib ki, ən çətini də odur ki, "təqiyyə" deyilən özünü gizlətmə prinsipləri ilə hərəkət edirlər: "İrandan mesaj, tapşırıq alana kimi fikirlərini gizlədir, əqidələrini gizlədir, üzə çıxmırlar. Hətta "vətənpərvər", "millətçi" maskası geyirlər ki, iz azdırsınlar. 

Çünki beyinləri zəhərlənib. Vaxtilə din sahəsində çox boşluqlar buraxıldı. Demək olar ki, əksər məscidlərdə İran təhsilli adamlar təyinat aldı. Məşhəd ziyarətinə gedənləri təsir altına saldılar. Hətta qadınlardan ibadət də qruplar var. Çox ciddi və köklü əməliyyatlar olmalıdır. İran müctəhidlərinə təqlid edən, yəni onlara tabe olan hər bir kəs Azərbaycan üçün basdırılmış minadır. Bunların hamısının qarşısı alınmalıdır".