Tibb müəssisələrində fərqli vergi mexanizmi - Qeyri-bərabərlik aradan qaldırılsın!


Millət vəkili Rəşad Mahmudov deyib ki, bu qeyri-bərabərlik aradan qaldırılmalıdır
  Parlamentdə tibb müəssisələrinə fərqli vergi mexanizmi tətbiq olunması məsələsi qaldırılıb. Millət vəkili Rəşad Mahmudov deyib ki, ölkəmizdə hazırda fəaliyyət göstərən tibb müəssisələri arasında bərabərlik təmin edilmir. Onun sözlərinə görə, tibb müəssisələri ölkəmizdə hazırda 4 şəkildə fəaliyyət göstərir: "TƏBİB-in nəzdində olan xəstəxanalar və tibb müəssisələri, Səhiyyə Nazirliyinin tərkibində olan Tibb Universiteti də daxil olmaqla, institutlar, özəl xəstəxanalar, bununla yanaşı, fərqli-fərqli nazirliklər nəzdində olan tibb müəssisələri var. Qanunvericilikdə olan dəyişikliklərə əsasən, əlavə dəyər vergiləri (ƏDV) arasında ciddi fərqlər var. Bir qurum ƏDV-ni 1faiz həcmində ödəyir, bir qurum özəl təşkilat kimi mənfəət vergisindən azaddır. Arada 1 faizdən 38 faizə qədər dəyişən ciddi fərqlər əmələ gəlir. Bu fərqlər ölkədə bu gün görülən işə ciddi maneələr yaradır. Bu, dövlət-özəl tərəfdaşlığına ciddi maneədir. Ona görə mən çox xahiş edirəm ki, bu fərqləri aidiyyəti qurumlar aradan qaldırsın, bu məsələnin həll yolları tapılmalıdır. Ölkənin müvafiq orqanı tərəfindən səlahiyyət verilən bütün qurumlar eyni fəaliyyətlə məşğul olursa, onlara tibb müəssisəsi adı altında qiymət verilsin”.
  İqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə qeyd edib ki, səhiyyə müəssisələri ilə bağlı konkret müzakirələr aparmaq istəyən olsa, İqtisadiyyat Nazirliyi buna hazırdır.