İt qorxusundan ölən uşaq...


Stres bütün xəstəliklərin üzə çıxmasında, ağırlaşmasında böyük gücə malikdir
  “Qorxudan öləcəkdim” ...bu sözə gündəlik həyatımızda tez-tez rast gəlirik, amma mahiyyətinə önəm vermirik. Ətrafımızdakı insanların (bəzən elə özümüzün) keçirdiyi həyəcan və ya stres duyğusunu şişirtmək məqsədilə işlətdiyi adi bir ifadə kimi görürük. Amma heç də belə deyilmiş. Doğrudan da qorxudan ölmək olurmuş. Bəs necə?! 13 yaşlı Gültəkin kimi...
  Görünür, küçə itlərinin hücumuna məruz qalan qızcığazın körpə ürəyi bu qorxuya tap gətirə bilməyib.
Bədbəxt hadisə Qubanın İkinci Nügədi kəndində baş verib. Kənd sakininin həyətinə daxil olan küçə itləri evin qızı 2009-cu il təvəllüdlü Gültəkin Orucovanın üstünə hücum edib.
  İt qızı tutmasa da, yeniyetmə çox qorxub. Yaxınlarının dediyinə görə, qız bundan sonra gizli xəstəlik keçirib və hadisədən sonra səhhəti kəskin pisləşib. O, əvvəlcə Qubadakı xəstəxanaya çatdırılıb, daha sonra Bakıya gətirilib və ötən gün paytaxtdakı tibb müəssisəsində vəfat edib.
  Psixoloq Narınc Rüstəmovanın “Şərq”ə açıqlamasına görə, qorxu bir təhlükə və ya təhdid anında hiss edilən bir gərginlik, bu vəziyyətdən qaçma, yaxud da mübarizə aparma ilə əlaqəli, ürək döyüntüsü, əzələlərdə gərginlik və s. hisslərlə özünü büruzə verən psixoloji həyəcan halıdır: “Stres zamanı vücudumuz adrenalin və digər hormonlar ifraz edir. Bu hormonlar isə vücudumuza bir çox şəkildə təsir edir. Məsələn, ağciyərlərimiz genişlənir, göz bəbəklərimiz böyüyür, ürək daha sürətlə döyünür. Bu da vücudumuzdakı qan dövranını sürətləndirir. Qorxduğumuz bir şeydən qaçdığımız zaman vücudumuz daha çox enerjiyə ehtiyac duyur. Əslində bunu müsbət hal kimi qiymətləndirə bilərik. Ancaq qeyd etmək lazımdır ki, ürək problemi yaşayan insanlar üçün bu, ölümcül hal ola bilər. Şiddətli stres zamanı qan ürəyə və beyinə eyni zamanda çata bilmir. Bu da infarkt riskinin artmasına səbəb olur. Qorxudan ölüm halları ürək problemi, menopoz yaşayan orta və yaşlı qadınlarda daha çox müşahidə olunur. Ümumiyyətlə isə stres bütün xəstəliklərin üzə çıxmasında, ağırlaşmasında böyük gücə malikdir. Qorxu halları bəzən insanlara sadə gələ bilər. Məsələn, bir insanın itdən, pişikdən, həşəratdan və ya toyuqdan qorxması qəribə gələ bilər, hətta bəzən insanlar bunu yumor hissi ilə qarşılayırlar. Ancaq qeyd etmək istəyirəm ki, bu, həmin şəxs üçün travmatik, ağır bir problemdir. Bu qorxu fobiya şəklində yaşanır və insan onu beynində dəhşətli bir hala gətirir ki, bu, bəzi hallarda ölümlə nəticələnir. Ona görə də əgər uşaq yaşlarından qorxu halları müşahidə edilirsə, valideynlər bu məsələyə ciddi yanaşmalıdırlar. Məsələn, Gültəkindəki itdən qorxu görünür ki, ilk dəfəyə məxsus bir hal deyil, bu onda əvvəldən var imiş. Qeyd etdiyim kimi, övladında bu halı görən valideynlər zamanında müdaxilə etməli, bunu arxa plana atmamalıdırlar. Lazım gəlsə mütəxəssis dəstəyi də almalıdırlar, əks halda belə qorxu halları gələcəkdə acı nəticələrlə bitə bilər”.
  Qeyd edək ki, Azərbaycanla qonşu ölkələrdə də küçələrdə sahibsiz itlərin sayı çox olsa da, onların demək olar, əksəriyyəti peyvəndlənib və birkalanıb. Bununla da insanlar, xüsusilə də azyaşlı uşaqlar küçədə təhlükəsiz şəraitdə heyvanların əhatəsində gəzə, hətta ehtiyat etmədən oynaya bilir. Azərbaycanda isə küçə itləri həm paytaxt, həm də rayon sakinləri üçün çox ciddi, həyati əhəmiyyətli narahatlıq yaradır. Xüsusən də səhər tezdən və hava qaralandan sonra küçə itləri insanlar üçün təhlükə mənbəyinə çevrilir.
  "We want to live too” (Biz də yaşamaq istəyirik!) heyvan sığınacağının sahibi Nailə Rüstəmli “Report”a deyib ki, bütün inkişaf etmiş Avropa ölkələrində sahibsiz küçə itlərinin birkalanması mütləq şərt vəziyyətinə gəlib: “Birkalanma icra orqanlarının üzərinə götürəcəyi işdir. Lakin bunu bacaran ekspertlərlə birlikdə iş görülməlidir". Türkiyədə hər bələdiyyənin öz veterenar mərkəzi var. Həmin mərkəzlərdən hər icra orqanının ərazisində olması mütləqdir və orada cərrah-baytar bu işlə məşğul olmalıdır. Hələ də görünən odur ki, ölkədə birkalanan sahibsiz küçə itlərinin sayı azdır”.
  O qeyd edib ki, küçə itlərini güllələyib öldürməklə onların sayını azaltmaq mümkün deyil: “Ən sivil yol itlərin birkalanmasıdır. Təbii ki, iş təkcə birkalanma ilə bitmir. İtlər ilk olaraq sterilizasiya edilməli, balavermə qabiliyyətləri dayandırılmalı, quduzluq iynəsi vurulub birkalanmalıdır. Həmin it əvvəlki həyatından fərqli yaşayır. İtlərdə insanlara aqressiya adətən çoxalma instinkti ilə yaranır. Bu funksiya dayandıqdan sonra itlərdə aqressiya olmur. Quduzluq iynəsi də vurulduğundan aqressiyaları demək olar, 70 faizə qədər azalır. Bu da onların təhlükəsiz olması deməkdir”.