Süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər -ARAŞDIRMA

Süni intellekt son zamanlar həm dünyada, həm də ölkəmizdə müzakirə olunmağa başlayıb. Süni intellekt; insan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səs qavrayışı kimi bir çox qabiliyyətə sahib bir proqram və aparat sistemidir. Süni intellektin bir çox sahəni ələ keçirdiyinin şahidi oluruq. Bunu kino sahəsində də görürük. Maraqlıdır vaxt keçdikcə süni intellekt hansı sahələrdə olacaq? Müsbət və mənfi tərəfləri nədən ibarətdir? Süni intellekt hər bir şeyi əvəz etsə insanlar işsiz qala bilərmi?

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, süni intellekt (SI) son illərdə həyatımızın bir çox sahəsinə nüfuz edib və bu tendensiyanın davam edəcəyi gözlənilir:

“Süni intelekt kino sahəsində, ssenari yazılmasında, istehsal proseslərində, şəkil və video emalı kimi tətbiqlərdə qarşımıza çıxır. Bu gün film və seriallarda realistik vizual effektlərin yaradılmasında, avtomatik səs və ssenari yazılmasında da istifadə olunur. Süni intellekt, insan zəkasının simuliyasiya edən, insan kimi davranan və insana bənzər funksiyaları təqlid etməyə çalışan sistem və texnologiyadır. Təbii dil emalı, məntiqi təhlil, şəkil tanıma, maşın öyrənmə (ML), dərin öyrənmə (DL) kimi sahələrdən istifadə edir.

Espert süni intellektin müsbət tərəflərini sadalayıb:
“Xüsusilə təkrarlanan və monoton işlərdə iş səmərəliliyini artırır. Böyük verilənlər bazasından analizlər edərək daha doğru proqnozlar və qərarlar verir. Tibb, avtomobil sənayesi, təhsil, nəqliyyat kimi sahələrdə innovativ həllər təqdim edir. Kino və musiqi sahələrində yeni üsullar və təcrübələr təqdim edir”.

Bəhruz Əliyev qeyd edir ki, süni intellektin mənfi tərəfləri da olmamış deyil:
“Süni intellektdə qərarlarının necə verildiyi, şəxsi məlumatların necə qorunduğu və buna oxşar məsələlər etik narahatlıqlara yol aça bilər. Bəzi sahələrdə insanların yaradıcı və fərdi yanaşmasını əvəz edə bilər. İnsanlar həyatlarını tamamilə süni intellektə etibar etməyə başladıqda, bu asılılıq sosial və psixoloji problemlərə səbəb ola bilər”.

İşsizlik məsələsi və süni intellektin insanı əvəzlənməsi barədə danışan ekspert vurğulayır ki, süni intellektin inkişafı ilə bir çox işin avtomatlaşdırılması mümkündür:
“Məsələn, sürücüsüz avtomobillər, robotlar, avtomatlaşdırılmış müştəri xidmətləri və s. Əgər bir çox sənayedə işçilər yerinə SI texnologiyaları istifadə olunarsa, bu, müəyyən sahələrdə lokal olaraq, işsizlik yaratmaq potensialına malikdir. Xüsusilə, təkrarlanan və mexaniki işlərdə çalışan insanlar bu dəyişikliklərdən təsirlənə bilər. Bununla belə, yeni texnologiyalar da yeni iş yerləri yarada bilər. Məsələn, Süni intellekt sistemlərinin inkişafı üçün daha çox proqramçı, məlumat analitikləri və mühəndislər tələb oluna bilər.  
Misal ilə izah edək: 100 il əvvəl at sürürdük, ona görə də nalbəndlər vardı. Sona maşın sürməyə başladıq. Tədricən nalbənd fəaliyyəti öz yerini maşın ustaları ilə dəyişdi. Həm də çox şaxəli maşın ustalığı yarandı. Maşın ustası olaraq, nalbəndlərdən daha çox insan üçün iş yeri oldu. Bu birdən yox, tədricən baş verdi. Heç bir nalbəndin maşın ustalarına etirazı olmadı, maşın ustalarına görə nalbəndlər də ac qalmadı. Daha çox iş yeri yarandı. Bu tədrici prosesdir və öz üzərində inkişafı üçün çalışmayan hər kəs mövqeyini itirəcəkdir. Bu məsələlər barədə kifayət qədər tədqiqatlar da mövcuddur. Bununla yanaşı, insanlar yalnız texnoloji tərəfdən deyil, həm də emosional, yaradıcı və strateji sahələrdə üstünlük təşkil etməyə davam edəcəklər. Bu səbəbdən SI-nin tamamilə hər bir şeyi əvəz etməsi mümkün olmasa da, əmək bazarındakı bəzi dəyişikliklərə səbəb olacağı qaçılmazdır”.

Ekspertin sözlərinə görə süni intellektin gələcəkdə daha da geniş sahələrdə istifadəsi gözlənilir:
“Süni intelekt tibb müalicə, səhiyyə xidmətlərinin optimallaşdırılması, erkən xəstəlik diaqnozu üçün daha geniş istifadə ediləcək. Sürücüsüz avtomobillərin daha geniş yayılması, məşhurların və personajların təqlidini edən süni intellekt modelləri ilə yeni film və musiqilərin yaradılması kimi hadisələr var və genişlənəcəyini proqnozladırmaq mümkündür. Süni intellektin həyatımıza təsiri genişlənəcək və buna uyğun olaraq həm müsbət, həm də mənfi təsirlərin tarazlaşdırılması vacib olacaq. Əsas nəzərdən qaçmaması gərəkli olan məsələ süni intellektin etik istifadəsini dünya birliyi olaraq, ortaya qoymaq və icbari hala gətirməkdir. Ümid edirəm dünya bu məsələdə gecikməyəcək”.

Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov isə bildirib ki, süni intellektə “Gələcəkdə hansı sənət sahiblərini süni intellekt əvəz edə bilməyəcək?” sualını versəniz cavabı “Mədəniyyət və incəsənət sahəsində çalışan yaradıcı insanlar: rəssamlar, rejissorlar, bəstəkarlar və s.” olacaq:

“Bizdə isə süni intellektin imkanlarını öyrənən hər kəs onu ilk fürsətdə bu sahələrdə tətbiq edir və ya bu barədə düşünür. Deməli, mədəniyyət və incəsənət sahəsi ancaq onu sevən, könül verən, əmək sərf edən insanlar üçündür. Süni intellektin bizə verdiyi cavablar və göstərdiyi yol təxəyyül məhsulu deyil. Yəni insan mütaliyəsini genişləndirəndə, yaradıcılıq fəaliyyətini şaxələndirəndə onun fantaziyası formalaşır. Ola bilər ki, süni intellekt müxtəlif ideyalar və yollar göstərsin. Nəzərə almaq lazımdır ki, bunun hər biri işlənilmiş versiyalar üzərindən gedir. Hərdən süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər. Xeyr, bu elə deyil. Ona görə də insan təxəyyülünün məhsulunu heç nə əvəz edə bilməz. Süni intellekt sadəcə olaraq müəyyən bir qlobal sistemin hansısa fokuslandığı sahəyə istiqamətlənmiş”.

Kinoşünas, Əməkdar İncəsənət xadimi Ayaz Salayev söyləyib ki, canlı insan olmasa sənət əsəri yarana bilməz:

“Çünki sənət əsəri insanın keçdiyi şəxsi təcrübədən, yəni yaşadığı həyatın təcrübəsi nəticəsində yaranır. O olmayanda suni bir şey alınır. Lakin əsl sənət əsərini suni intellekt yarada bilməz. Sənət əsəri yaratmaq üçün insanın xəstəliyi, bədəni, yaşadığı və keçdiyi həyat canlanmalıdır”.