Adil Qeybulla: "Belə xuliqanlıq hərəkətləri həkimlərin xəstələrə münasibətini də dəyişir"
"Bu cür təcrübə dünyada heç yerdə yoxdur. Açığı, etiraf etmək lazımdır ki, bizim millətin bir qismində ciddi şəkildə mədəniyyət problemi var"
Son vaxtlar Təcili Tibbi Yardım xidməti ilə bağlı narazılıqlar yenidən artıb. Təcili yardım maşınları çox gec gəlir, yaxşı xidmət göstərmir kimi şikayət günü-gündən artır. Vaxtından gec gəldiyi üçün ölüm hallarına da rast gəlinir. Bu səbəbdən də bəzən xəstə yaxınları təcili tibbi yardım həkimlərinə qarşı güc tətbiq edir, onları təhqir edirlər. Sosial şəbəkə hesabında bu məsələyə toxunan pediatr Vaqif Qarayev yazıb ki, yenə təcili tibbi yardım həkimini döyüblər:
“Onkoloji xəstəni həyatda saxlaya bilmədiyinə görə... Halbuki onkoloq tərəfindən bütün onkoloji xəstələrin proqnozu haqqında qohumları məlumatlandırılır. Anlayırıq, heç kim doğmasını itirmək istəmir, amma əlacı olmayan xəstəlik üçün TY həkimindən əlac tələb etmək düzgün deyil!”.
Professor Adil Qeybulla isə “Şərq” ə açıqlamasında deyib ki, kimsə hansısa həkimdən narazıdırsa, məhkəməyə müraciət etməlidir və şikayət qanunlar çərçivəsində araşdırılmalıdır:
“Ümumiyyətlə, belə xuliqanlıq hərəkətləri həkimlərin xəstələrə münasibətini də dəyişir. Məsələn, Səudiyyə Ərəbistanı şəriət ölkəsidir. Orada bu cür hallar məhkəmədə həll olunur. Məhkəmədə həkim tərəfindən protokoldan kənara çıxma olubsa, xəstənin səhhətinə ziyan vurulubsa, cəza tətbiq edilir. Axı davayla, harayla bu məsələlər həll olunmaz. Bu cür təcrübə dünyada heç yerdə yoxdur. Açığı, etiraf etmək lazımdır ki, bizim millətin bir qismində ciddi şəkildə mədəniyyət problemi var. Bu, sürücülükdə də, bir-birinə münasibətdə də, həkimlərə münasibətdə də özünü göstərir”. Xəstə yaxınlarının təcili yardım həkimlərinə qarşı emosional davranışlarının, fiziki hücumlarının artmasına gəldikdə isə ekspert deyib ki, bütövlükdə cəmiyyətin aqressivləşməsi ilə bağlıdır: "İnsanlar çox əsəbi olub. İstənilən halda emosional çıxışlar edə bilirlər. Bunun təcili yardım maşınlarının gecikməsi ilə əlaqəsi yoxdur. Bu ani partlayış ayrı-ayrı faktlarda da özünü büruzə verir”.
A.Qeybullanın sözlərinə görə, Təcili Tibbi Yardım həkimlərinin bir sıra hallarda xəstənin son nəfəsinə çatması heç də sadəcə onların peşəkarlıq keyfiyyəti ilə bağlı deyil:
"Təcili tibbi yardım sisteminin qurulması üçün 3 mühüm şərt var - peşəkar kadrlar və texniki təchizatın yüksək olması, həmçinin təcili yardım maşınlarının rahat hərəkəti üçün nəqliyyat sisteminin düzgün qurulması. Sadalanan məqamlar biri-birinə adekvat olmayanda təcili yardım yaxşı işləmir. Odur ki, müraciətlərin çox olması, növbədə həkimlərin sayının az olması və yollardakı tıxac və maşınların texniki hərəkət imkanlarının məhdud olması təcili yardım maşınlarının gecikməsinə səbəb olur. Kadrlar və təchizat nə qədər güclü olsa da, nəqliyyat yaxşı qurulmayıbsa, gecikmələr qaçılmazdır.
Bunun üçün də yollarda təcili yardım kimi əraziyə operativ çatması üçün əlavə xətlər olmalıdır. Bizdə bunların heç biri nəzərdə tutulmayıb. Hesab edirəm ki, bundan sonra da yaradılması real görünmür. Çünki bizim yollar enlənmək əvəzinə, getdikcə daralır. Sürücülərin təcili yardım maşınlarına daha çox güzəşt etməsi ilə məsələ bitmir. Bəzən tıxaclar elə bir səviyyədə olur ki, heç bir maşın tərpənə bilmir. Blok vəziyyətində qalır. Və bu da sürücülərdən asılı olan bir hal deyil”.
Sovet dövründə təcili yardım maşınlarının operativ işlədiyini və heç bir gecikmə olmadığını vurğulayan tibb eksperti deyib ki, kadr çatışmazlığının aradan qaldırılması, maddi-texniki bazanın formalaşdırılması, yeni təcili tibbi yardım maşınlarının alınmasına rəğmən müəyyən qədər çatışmazlıqlar var.
"Zənnimcə, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac var. Bunun üçün də Azərbaycanda da xaricdəki kimi 9-11 sistemi təşkil olunmalıdır. Ancaq istənilən halda məsələyə kompleks yanaşmaq lazımdır. Bu cür hadisələr zamanı hər dəfə gərginlik həkimlə vətəndaş arasında yaşanır. Halbuki bu işdə ölkənin nəqliyyat sektoruna nəzarət edən qurumlar da məsuliyyət daşıyırlar”.