REAKSİYA:“Beş mərtəbəli binanın altıncı mərtəbəsi tikilməsin"

“Yenə madiyyat uğuruna bir gənc qurban verildi”

“Daman tavanı düzəltməsən yerə yağan yağmuru, çamuru təmizləməyin  mənası yoxdur.  Yenə yağacaq”

"Qızı anası açıq şəkildə bəyan edib ki, qocaya  gedən yumruq yeyər, lakin videoya diqqətlə baxanda ərə gedən qızın sanki atdığı addımın fərqində olmamasını, hələ  kamil düşünə bilmədiyini görmək olar ".

Bu sözləri "Sherg.az"a tanınmış jurnalist İlhamə Rəsulova Azərbaycanda 17 yaşlı qızın  50 yaşlı kişi ilə ailə həyatı qurmasına münasibət bildirərkən deyib. 
Onun sözlərinə gör, cəmiyyətdə baş verən bu hadisələri gözardı etmək olmaz:

"Cəmiyyətdə baş verən  maraqlı mövzuların  işıqlandırılmasını onların qəhrəmanlarının tanınmış şəxslər olub-olmaması ilə əlaqələndirmək düzgün  deyil. Əlbəttə, insanların evlənmələrinə hansısa yaş limiti qoyulmayıb. Əsrin əvvəllərində yaşlı kişilərin gənc xanımla evlənmələri adi hal idi. Buna səbəb olaraq da çox zaman pul  əsas gətirilirdi. İndiki hadisədə də dəyişən bir şey yoxdur. Yenə madiyyat uğuruna bir gənc qurban verildi. Qızı anlayıram, onunla evlənən bəyi anlamıram. Söhbət yaş fərqində deyil, düşüncə fərqindədir. Bu iki yaş arasındakı böyük uçurum  özünü  göstərəcək. Arzu edək ki, beşinci dəfə evlənən bəy yenə fikrindən vaz keçməsin, beş mərtəbəli  yarımçıq evin altıncı mərtəbəsi də tikilməsin ".

İ.Rəsulova qeyd edib ki, sosial şəbəkələrdə məsələnin yayılması  şəxsi həyata müdaxilədir:

“Yazını fərqli formatda vermək olardı.  Evlənən cütlüyün adını çəkməmək, şəkillərini yaymamaq şərtilə mövqe bildirmək mümkün idi. Bu kimi halları yaradan səbəbi müəyyən edib aradan qaldırmaq lazımdır. Bax, əsas bu məsələyə diqqət çəkilməlidir. 

Gənc oğlanlar evsizlik, işsizlik səbəbilə evlənə bilməyib, imkanı olan şəxs də  tum  çırtlayan kimi  ailə pozur, ailə qurursa, bu bizim yaralı yerimizdir.  Daman tavanı düzəltməsən yerə yağan yağmuru, çamuru təmizləməyin  mənası yoxdur.  Yenə yağacaq. Sosial problemlər  sadə insanların həyatını mürəkkəbləşdirib, öz burulğanında boğursa, deməli düz işləməyən qurumlar , göz yumulan böyük xətalar var”.

Qeyd edək ki, Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişi ilə evlənib.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisə Gədəbəy rayonunda baş verib. Məlumata görə, bu, Elfaq adlı 50 yaşlı bəyin beşinci evliliyidir.

Şərqiyyə NƏBİ