“Öyrədərək Öyrənirik” layihəsinin icrası başa çatdı

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsrə bərabər 44 gün” layihəsi başa çatıb.

"Sherg.az" xəbər verir ki, layihənin icrasına 10 sentyabr tarixində başlanılıb və 10 dekabr tarixində yekunlaşıb. Layihənin məqsədi, Vətən müharibəsi şəhidlərinin tanıdılması ilə yanaşı, gənclərin intellektual inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinə töhfə vermək, eləcə də, yaradıcı gənclərin aşkar edilərək, öz potensiallarını reallaşdırmalarına dəstək olmaqdan ibarətdir.

Layihə çərçivəsində ilk olaraq, 2 noyabr tarixində Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi təşkil olunub. Müsabiqədə 20-yə yaxın gənc rəssamın “Vətən müharibəsi”, “Qəhrəmanlarımız”, “Doğma diyarımız Şuşa” mövzularında əl işləri mübarizə aparıb. Yekun nəticələrə əsasən, Aida Nəsibli I yeri tutaraq müsabiqənin qalibi adına layiq görülüb. Ruhin Xasməmmədov II, Anar Bənnayev III pillənin sahibi olublar. Qalib və mükafatçılar müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Bunlardan başqa, Yusif Məmmədov və Sitarə Əsgərovaya həvəsləndirici diplomlar təqdim olunub.

Layihə çərçivəsində həmçinin 15, 16 və 17 noyabr tarixlərində intellektual yarış keçirilib. Yarışda ümumilikdə 16 komanda iştirak edib. “A” və “B” qrupları üzrə ən yaxşı nəticə göstərən ümumilikdə dörd komanda finala vəsiqə qazanıb. Final görüşünün nəticələrinə əsasən, məktəblilərdən ibarət müstəqil “GFG” komandası qalib olub. BDU Qazax filialının “Hürufilər” komandası II, müstəqil “Drakarys” komandası isə III pillələrdə qərarlaşıblar. Qalib komanda kubokla, həmçinin ilk üç yeri tutan komandaların üzvləri müvafiq diplomlar və medallarla təltif olunublar.

Bunlardan başqa, layihə çərçivəsində Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş “Xüsusi Təyinatlı Həkim” adlı qısametrajlı sənədli film də hazırlanıb. Filmdə şəhidin həyatı və döyüş yolu əks olunub.