Vasif Talıbovun "şrekləri" imkan verməyib

“Naxçıvanda rabitə və internet xidmətləri Mozambikdən də aşağı səviyyədə olub”

  "Muxtar respublikada internetin keyfiyyəti yaxşılaşdırılır. Vasif Talıbovun dövründə Naxçıvanda bərbad vəziyyətdə olan xidmətlərdən biri də internet idi". Bu barədə "TNS” İnformasiya Agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov deyib. Baş redaktor bildirib ki, Rövşən Məmmədovun Naxçıvan rabitəsinə rəhbərlik etdiyi dövrdə bu sahədə ciddi əhəmiyyətli heç bir iş görülməyib: 

"İnternet xidmətlərindən "qaz vurub, qazan dolduran" sabiq nazir əhalini keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edə bilməyib. 

İllər boyu bu sahəyə milyonlarla manat vəsait ayrılsa da, Naxçıvanda rabitə və internet xidmətləri obrazlı desək, Mozambikdən də aşağı səviyyədə olub. 

Apardığım araşdırmaların nəticəsinə əsasən deyə bilərəm ki, son bir neçə ildə bu sahədə fəaliyyət göstərənlər yeniliklərə çalışsalar da, Vasif Talıbovun "şrekləri" buna imkan verməyib. 

Bunun dərin səbəbləri var və bu barədə ətraflı yazacağam. İndi görünür ki, Naxçıvanda iş görmək, yenilik etmək, əhaliyə yüksək səviyyədə xidmət göstərmək istəyən məmurlar var. 

Sadəcə olaraq onlara şərait yaratmaq və mane olmamaq lazımdır. İnanıram ki, Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu sahədə ciddi uğurlara imza atacaq. Təklif edirəm ki, Naxçıvanda internet tariflərinə yenidən baxılsın".