Daş hasarlar sökülür

Naxçıvanda evlərin magistral yola çıxışları təmin edilir
 

  "Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dəyişikliklərin ilk müsbət nəticəsini artıq doğulduğum Şahbuz rayonunun Kolanı kəndinin sakinləri öz həyatlarında hiss etməyə, görməyə başlayıblar". Bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib. Partiya təmsilçisi qeyd edib ki, kəndi iki yerə bölən və əhalinin gediş-gəlişinə ciddi çətinliklər yaradan, el arasında "Çin səddi" adını almış hasarlarda söküntü işləri aparılıb:

"Evlərin magistral yola çıxışları təmin edilib. Bu hasarın çəkilməsini və çıxış qapılarının qoyulmamasını hər şeydən pul çıxarmağa çalışan tamahkar, acgöz muxtar respublika və rayon rəhbərliyi onunla əsaslandırmışdılar ki, guya, kənd əhalisinin mal-qarası yola çıxaraq, nəqliyyatın iti hərəkətinə mane olur, yolu zibilləyir. 

Guya köhnə evlər kəndin gözəl mənzərəsini korlayır... Nəticədə, magistralın kənarında yerləşən evlərin yola çıxışları daş hasarla bağlanmışdı. 

Alternativ yollarla gediş-gəliş isə xeyli uzaq və çətin idi. Zəhmətkeş camaatımızın üzünə bağlanmış qapılar, nəhayət ki, açılır...".