Nemətin deyil, cəmiyyətin suçudur

Pənahlının başıüstə dayanması siyasi gündəm olmamalıdır

Çoxluq dedi-qodu, qeybət və baş qatmağa mövzu axtarır


  Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının liderlərindən olan Nemət Pənahlının "Müsavat TV”nin canlı efirindən sonra yoqa ilə məşğul olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. 61 yaşlı siyasətçi bu davranışına görə tənqidlərə məruz qalıb. Ancaq Nemət Pənahlıya haqq qazandıranlar, hərəkətində qeyri-adi heç nə olmadığını deyənlər də olub. Məlumat üçün deyək ki, Nemət Pənahlı aparıcı Sevinc Telmanqızının xahişi ilə stulda başıüstə dayanıb. Deyib ki, yarım saat belə dayana bilər: "Yarım saat da, 1 saat da bu cür dayana bilərəm, baxır insanın hazırlıq səviyyəsinə. Hazırda 1 saat dayana bilərəm”. Təxminən 10 dəqiqədən sonra aparıcı siyasətçidən bu hərəkətini dayandırmasını istəyib. Tənqidlərdən sonra Nemət Pənahlı baş verənlərə və barəsində söylənənlərə aydınlıq gətirib.

Siyasətçi bildirib ki, hər kəs hadisələrə öz ağlı, düşüncəsi səviyyəsində münasibət bildirir. İnsanlar istədikləri münasibəti bildirməkdə sərbəstdirlər. Bunda heç bir problem yoxdur: "İdman mənim həyat tərzimdir. Sevinc xanım məndən təkidlə xahiş etdi. Mən bu hərəkəti ona öyrədə biləcəyimi dedim. Düşünmürəm ki, nəsə qeyri-adi hərəkət etmişəm. Heç bir idman növü ilə professional şəkildə məşğul olmuram. 

Elə bir iş görməmişəm ki, cəmiyyət içərisinə çıxanda xəcalət çəkim. 16 yaşından siyasi mübarizə meydanına çıxmış adamam. 26 yaşında Meydan hərəkatına rəhbərlik etmişəm. Sovet imperiyasının təhlükəsizlik orqanları çox çalışıb ki, məni rüsvay edən, gözdən, hörmətdən salan nəsə tapsın. Bu 35 ildə şəxsiyyətimlə, ailəmlə, nəslimlə bağlı heç bir pis şey aşkarlanmayıb. Sonuncu dəfə həbsdə 9 kvadratmetrlik kamerada olmuşam. Orada məni sağlam saxlayan elə yoqa oldu. Heç kəs mühakimə edə bilməz ki, siyasətçi, dövlət adamı, dindar, ədəbiyyat xadimi niyə idmanla məşğul olur? Əslində bu, istənilən siyasətçinin məşğul olacağı idman növüdür. Amma Nemətə qara yaxmaq istəyənlər dinc durmur. Əllərinə girəvə düşüb". 

  Tənqidlərdən sonra Nemət Pənahlının qızı Xatirə Əfşar da səslənən fikirlərə reaksiya verib. O, fikirlərini belə bölüşüb: “Çoxunuzun təhqirlərini oxudum. Var olun. Təhqir nədir ki?! Mən gözləyirdim ki, evimizin qabağına hücum edib, bizi daş-qalaq edəsiniz. Axı çox böyük bir hadisə baş verib. Nemət Pənahlı yetim haqqı yeyib. Xalqin milli və mənəvi kimliyi ilə oynayıb. Axı niyə etməyəsiniz? Yanıltdınız məni. Əfsus”.

Daha sonra sözlərinə belə davam edib: “Nemət Pənahlının bütün Azərbaycana örnək olacaq altı övladı var. Hansı biri ilə onu ələ salıb təhqir edə bilərsiniz? Bir siyasətçinin siyasəti ilə sevilməməsi başadüşüləndir. Sevəni və sevməyəni olacaq. Ancaq dişinizi qıcayıb onu aşağılayacağınız, ya da alçaldacağınız şeyi necə də böyük həsrətlə gözləyirmişsiniz. Çox sadə və bəsit videonu ölkədə gündəm edə bilirsiniz. Bəlkə də elə bilirsiniz ki, biz ailəcə matəm elan etmişik ki, niyə atamızın bu videosu paylaşılıb. Əsla. Şəxsən öz adıma deyirəm ki, mən ömrüm boyu atamın əxlaqı ilə fəxr etmişəm. Onun nə özünün, nə də ailəsinin əxlaqına toz belə qondurmaq mümkün deyil. Buna bu gün bir daha əmin oldum. Üzülmədim, üzülmürəm”.
  AĞ Partiya sədri Tural Abbaslı "Demokrat.az"a açıqlamasında bildirib ki, bu, Nemət Pənahlının şəxsi işidir: “Mən insanın siyasi fəaliyyəti ilə bağlı fikir bildirə bilərəm. Yoqa hərəkəti edib və bu, onun biləcəyi işdir. Düşünürəm ki, bununla bağlı partiyaların reaksiya verməsi doğru olmaz. Özü yaşlı-başlı insandır, kifayət qədər siyasi təcrübəsi olan bir şəxsdir. Nemət Pənahlı 1980-ci illərin sonunda Azərbaycanda Azadlıq Hərəkatında adı hallanan populyar siyasi xadimlərdən biri olub. Azərbaycan tarixində bu və ya digər formada öz adını yazmış şəxsdir. Hər halda özü nə edəcəyini bilir. İqtidar nümayəndəsi deyil ki, biz ondan vəzifələrinin icrasını tələb edək?! Bu, siyasi xadimdir, istər fəaliyyət göstərər, istər də özünü müxalif düşərgənin nümayəndəsi hesab edər. Ona uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayıram”.

Millət vəkili Fazil Mustafa isə "News24.az"a bu cür söz-söhbətlərin gündəm olmasından danışıb:

 "Siyasətlə məşğul olan insanların gündəmi Qarabağda aksiyaların hansı formada yekunlaşacağıdır. Mənim başqa gündəmim yoxdur. Ölkədə daha çox müzakirə edilən mövzular diqqətimi cəlb etmir. Qeyd edilən məsələ mənalı mövzular deyil. Hər kəs öz davranışına görə məsuliyyət daşıyır. 

Bu məsələlər cəmiyyətin gündəmindədirsə, məşğul olsunlar, mane ola bilmərik. İnsanlar kitab oxumayanda, dünyagörüşləri məhdud olanda, televiziyada düşüncə tələb etməyən verilişlərə, seriallara baxanda təbii ki, səthi mövzulara daha çox maraq göstərəcəklər. Ölkədə hansısa kitab və ya düşüncə mühiti yoxdur axı. Çoxluq dedi-qodu, qeybət və baş qatmağa mövzu axtarır. 

Çoxluğa qarşı mübarizə aparmaq, düzgün istiqamətə yönəltmək çox çətindir. Azərbaycanda baş düşünmək üçün nəzərdə tutulmayıb, ya yarılmalıdır, ya da boş məşğuliyyətlərə sərf edilməlidir. Başın düşünmək üçün nəzərdə tutulduğunu cəmiyyətimizə qəbul etdirməliyik. Bu isə asan proses deyil”.