"Bələdiyyələrin formalaşmasındakı nöqsanları aradan qaldırmaq lazımdır. Ədliyyə Nazirliyində bələdiyyələrə nəzarət idarəsi var. Daim fəaliyyətləri araşdırırlar. Prezident İlham Əliyev də hərtərəfli islahatlar aparır. İslahatlar bələdiyyələrdən də yan keçmir. Qanun pozuntusu, məmur özbaşınalığı, korrupsiya olduğu təqdirdə qanun çərçivəsində tədbirlər görülür".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Azərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusunun aşkarlanmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan vətəndaşları da bələdiyyələrin şəffaf olmasını, müasir idarəetmənin tətbiqini istəyir:
"Təəssüf ki, bələdiyyələrdə də yeyinti hallarına rast gəlinir. Korrupsiya, qanun pozuntusunun kökünü kəsmək hələki mümkün deyil. Qarşıdakı zamanda bələdiyyə seçkilərinin şəffaf, ədalətli və demokratik şəkildə keçirilməsi, heyətin formalaşmasında daha yaxşı kadrların toplanması məsələsi həllini tapmalıdır. İlk növbədə formalaşma prosesindəki nöqsanları düzəltmək lazımdır. Bələdiyyə üzvləri şəhərin, rayonun, ərazinin yerli idarəetmı prinsiplərindən irəli gələrək öz məmurlarına nəzarəti gücləndirməlidir. Nəticə etibarilə təyin etdikləri məmurlar özbaşınalığa yol verməzlər. Hər bir bələdiyyə üzvü, sədri, müavinləri nəzarət üçün kifayət qədər böyük potensialdır. Bir-birilərinə nəzarət edərək qanun pozuntusuna şərait yaratmasınlar.
Vətəndaş cəmiyyəti də bu halları nəzərə alaraq bələdiyyələrlə əməkdaşlığı genləndirməli, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi naminə şaxəli əlaqələr qurmalıdır".
Qeyd edək ki, Azərbaycanda bələdiyyələrdə 27 ciddi qayda pozuntusu aşkarlanıb, 12-si üzrə cinayət işi başlanılıb. Məlumat “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb. Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri, Zərdab rayonu Dəkkəoba bələdiyyəsinin sədri və Göygöl rayonu Hacıməlik bələdiyyəsinin sədrlərinə cinayət işi açılıb.